AMEA-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümü qeyd olunub
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunan elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan 1969-cu ilə kimi SSRİ-nin tərkibində geridə qalan ölkələrdən biri idi, 45 il öncə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin inkişafının təməli qoyulub.
A. Əlizadə qeyd edib ki, bu gün ölkəmizin dünyada söz sahibinə çevrilməsində, güclənib-qüdrətlənməsində, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında, eyni zamanda sabitliyin bərqərar olmasında Ulu Öndər Heydər Əliyev ideyalarının əvəzolunmaz faktorları dayanıb: "Çünki Ümummilli Lider Heydər Əliyev xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün bütün gücü ilə işləyib. Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin gələcək inkişafının proqramını ortaya qoyub və bunun icrası istiqamətində mühüm işlər görüb. O, Azərbaycanı bugünkü firavan həyata gətirib çıxarıb. Bu gün ölkəmiz ildən-ilə inkişaf edir, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".
O həmçinin əlavə edib ki, bu gün daha çox Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir: "Ancaq unutmaq olmaz ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Ona görə də, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə diqqət yetirmək lazımdır".
Tədbirin davamında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik", Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov "Görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan nefti" və digərləri məruzə ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB