Xələf Xələfov: “Azərbaycan regional əlaqələrin inkişafına böyük önəm verir”

Xələf Xələfov: “Azərbaycan regional əlaqələrin inkişafına böyük önəm verir”

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus Respublikasının xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, qonağı salamlayan nazir müavini Xələf Xələfov XİN-lərarası məsləhətləşmələrin əhəmiyyətindən danışaraq, ölkələr arasındakı münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə edib, Azərbaycanla Belarus arasında iqtisadi, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov, bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə qonağı məlumatlandıran Xələf Xələfov, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsinin, işğal etdiyi Azərbaycan ərazilərini azad etməməsinin danışıqların irəliyə aparılmasına və ümumilikdə problemin həll olunmasına imkan vermədiyini vurğulayıb.

Ermənistan Respublikasının BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Gömrük İttifaqına qoşulması məsələsinə diqqət çəkilərək, əlaqədar prinsiplərin praktiki surətdə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Belarus nümayəndə heyətinin başçısı V.Mixneviç öz növbəsində iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib, regional əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə