Beynəlxalq Muğam Mərkəzində Şuşanın işğalının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib YENİLƏNİB
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə bağlı mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər rayon İcra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri və xarici qonaqlar iştirak edib.
Əvvəlcə qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində şuşalı rəssamların əsərlərinə tamaşa ediblər.
Daha sonra şuşalı hərbiçilər haqqında sənədli film nümayiş olunub.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov mərasimi açıq elan edərək deyib ki, Ermənistan Azərbaycan əhalisinə qarşı etnik-təmizləmə siyasəti aparıb: "Çox təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi hələ də icra olunmayıb. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb".
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini bir daha ortaya qoyur: "Ölkə başçısının Ermənistan prezidenti Serj Sarksiyana tutarlı cavabı buna nümunə olaraq göstərilə bilər. Bu bir daha göstərdi ki, Azərbaycan Türkiyə qardaşlığı, dostluğu əbədidir və bundan sonra da davamlı olacaq. Qaçqın və Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən uğurlu addımlar atılır. İnanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda, ədalətli şəkildə öz həllini tapacaq".
Diqqətə çatdırılıb ki, 1989-cu ilədək Şuşanın əhalisi 23 min nəfər olub: "Bugünkü ordumuz MDB məkanında ən müasir silahlarla təmin olunub. Azərbaycanda təkcə orduya ayrılan xərc bütün Ermənistanın büdcəsindən çoxdur. Azərbaycan inkişaf edir. Ölkədə görülən işlər bir daha sübut edir ki, Azərbaycan haradadır, Ermənistan harada! SSRİ tərkibində olduğumuz zaman qardaş xalqlar kimi yaşamağımıza aldanmışıq. Bu gün Azərbaycan müstəqil dövlətdir və Azərbaycan Prezidenti İlham Əliyev dünyada böyük uğurlar qazanıb. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın bütün işğal altında olan rayonları azad ediləcək".
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə qeyd edib ki, ümumiyyətlə 22 il şuşasız ifadəsi ilə heç də razı deyiləm. Şuşa yerini dəyişməyib. Sadəcə olaraq oranın sakinləri müvəqqəti olaraq öz yerlərini dəyişib. Ulu Öndər Heydər Əliyev qədər Şuşaya heç kim qiymət verə bilməz: "Ermənilər görünür Şuşada bir eməni doğulmaqla oranı öz ərazisi sayırlar. Təsəvvür edin ki, bu gün bir azərbaycanlı başqa diyara gedib orada məskən salsın. Təbii ki, bu mümkün deyil. Onlar istənilən bir yurda gedib yerləşirlər və sonradan oranı öz əraziləri sayırlar. Şuşa 366-cı moto atıcı alayın dövründə işğal olunub. Hətta Şuşa boş olanda belə, ermənilər qorxaraq həmin ərazilərə girmirdilər. Onlar gözlərinə inana bilmirdilər ki, bu ərazilər boş ola bilər, Şuşa nəinki Azərbaycan, eləcə də türk dünyası üçün müqəddəs yerdir. Şuşa 170 il Qarabağın ərazisi olub. Hətta məndə olan məlumata görə, Şuşada Xarı bülbül belə, yetişmir. Ermənilər bizim əraziləri, xüsusilə Şuşanı işğal altında saxlamaqla axı nə qazandılar? Təbii ki, heç nə !". Mən başa düşə bilmirəm ki, bəzi dövlətlər Ermənistanın nəyinə vurulub. Serj Sarksiyanın üzündən qaniçənlik yağır".
Əli Həsənov bildirib ki, Azərbaycan uzun müddət Rusiyanın tərkibində olub: "Biz bunu danmırıq. Biz bu gün Rusiya üçün daha əhəmiyyətli və faydalıyıq. Hesab edirəm ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün bütün dünya ermənilərin ikiüzlülüyündən, satqınlığından istifadə edir və s. Azərbaycan Prezidenti ölkəmizdəki inkişafın təməlini qoydu və bunu bütün dünyaya sübut etdi".
Diqqətə çatdırılıb ki ATƏT-in Minsk qrupu bu gün elə yaradılıb ki, Dağlıq Qarabağ problemi öz həllini tapmasın: "20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beç bir iş görməyib. Onların fəaliyyəti boş və mənasızdır. Bu gün Azərbaycan Prezidenti öz xalqı, milləti üçün nə varsa edir".
Mərasimə bədii hissə ilə yekun vurulub.
Qeyd edək ki, tədbirdən öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, digər rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəb şagirdləri, tələbələr və digər qonaqlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB