Musa Quliyev: "Quba məzarlığı erməni vəhşiliyini əks etdirən əyani faktdır" Münasibət
"Təəssüf ki, 31 mart soyqırımı sovet vaxtında yaşadığımız 70 il ərzində həm Azərbaycan, həm də dünya ictimaiyyətindən gizlədilib. Ancaq Ümummilli lider Heydər Əliyevin soyqırımla bağlı imzaladığı fərmandan sonra ictimaiyyətə məlum oldu ki, istər 1905-06-cı, istərsə də 1918-19-cu illərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirilib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev soyqırımla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırımı mərhələsinə keçib: "İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlanıb. Bütün bunların hamısı daşnak bolşevik siyasətinin Qafqazda etnik təmizləmə və azərbaycanlıların bir millət kimi yox olmasına, eləcə də həmin ərazilərdə Ermənistan dövlətinin yaradılmasına yönələn siyasət idi. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Belə ki, soyqırımı həqiqətləri istər elmi ictimaiyyət, istər siyasi təşkilatlar, istərsə də ayrı-ayrı ziyalılar tərəfindən dünyaya çatdırılır. Hələlik həqiqətlərin öyrənilməsi və geniş kütləyə çatdırılması daxili auditoriyaya hesablanan tədbirdir. Artıq vaxt yetişib ki, biz bunu beynəlxalq ictimaiyyətə də yetəri qədər çatdıra bilək".
"Tarixən o qədər faciələr yaşamışıq ki, bunların hamısını qısa müddət ərzində birdən-birə dünya ictimaiyyətinə çatdırmaq çətin prosesdir. Hazırda Xocalı soyqırımının dünyaya çatdırılması ön plandadır. Xocalı soyqırımının fonunda bu hadisələrin gündəmə gətirilməsi labüddür. Bununla bağlı, müəyyən işlər görülə bilər. Misal olaraq, Naxçıvan, Gəncə, Şamaxı, Bakı, Quba, Xaçmaz zonasında baş verən qətliamlarla bağlı müxtəlif filmlər çəkmək və bunu ayrı-ayrı internet portallarında yerləşdirmək olar"- deyə, Musa Quliyev fikirlərinə əlavə edib.
Millət vəkili hesab edir ki, Quba məzarlığında yaradılan kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir: "Kompleksdə Ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin, Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bilirsiniz ki, ölkəmizə gələn xarici qonaqlar da Quba məzarılığını ziyarət edir. Bu isə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacib məsələdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB