Aydın Hüseynov: "Ukrayna hadisələrinin ölkəmizdə baş verməsi üçün heç bir əsas yoxdur"

Aydın Hüseynov: "Ukrayna hadisələrinin ölkəmizdə baş verməsi üçün heç bir əsas yoxdur"

"Ukrayna da daxil olmaqla dünya dövlətlərin bir çoxunda müəyyən hadisələr baş verir. Konkret olaraq Ukraynadakı hadisələrdən danışırıqsa, deməliyik ki, bu dövlət öz büdcəsini belə müəyyənləşdirə bilmədi, ölkə sosial-iqtisadi problemlər məngənəsində sıxılırdı. Ölkənin inkişaf nəbzi vurmurdu. Bütün bunlarla yanaşı, dünyadakı proseslərə, eləcə də Ukraynadakı olaylara diqqətlə baxsaq görərik ki, Azərbyacan dünyada özünün orijinallığı və unikallığı ilə seçilir. Ölkəmizdə baş verən müsbət olaylar dünyanın özü üçün bir nümunədir. Hər gün bir daha şahidi oluruq ki, Azərbaycan hakimiyyətinin 20 il bundan öncə müəyyənləşdirdiyi siyasi xətt məhz iqtidar-xalq birliyinə əsaslanır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov bildirib.

Müxalifət liderlərinin "Ukraynadan sonra növbə Azərbaycandadır" iddialarına münasibət bildirən A.Hüseynov qeyd edib ki, Ukrayna ilə Azərbaycanı müqayisə etmək nə qədər gülünc görünsə də, müxalifətin əsassız iddiaları ilə bağlı bir sıra məsələlərə toxunmaq vacibdir: "Əvvəla, İsa Qəmbər, Cəmil Həsənli, Əli Kərimli bilməlidirlər ki, Ukraynada hakimiyyət zəifliyi var idi, hakimiyyət iqtisadi-sosial problemlərin həllindən daha çox geriləmə mövqeyi tuturdu. Orada iqtidarla xalq arasında ciddi bir birlik yox idi. İsa Qəmbər, Cəmil Həsənli, Əli Kərimli, eləcə də bu cür məntiqsiz iddialarla çıxş edənlər deyə bilərmi ki, Ukrayna niyə öz dövlət büdcəsini müəyyənləşdirə bilmədi? Əksinə, əl açıb Rusiyadan 15 milyard pul istədi. Bütün bunlara fikir vermək lazımdır. Həmçinin, insanların, eləcə də regionların inkişafı üçün Ukraynada heç bir dövlət proqramı reallaşdırılmadı. Əmək haqları, pensiyalar, maaşlar illərdir dəyişməz olaraq qalır. Ona görə də Ukraynada vəziyyət bu həddə çatdı. Ancaq Azərbaycana baxın. Azərbaycan hər il öz dövlət büdcəsini təsdiq edir, bütün sahələrə büdcədən vəsaitlər ayrılır. İnsanların sosial rifahı durmadan yaxşılaşır, regionlarımız kosmik sürətlə inkişaf gedir. Ən əsası, heç bir dövlətdən pul almırıq. Müxalifət rəhbərləri niyə bunları demirlər? Onların ya analitik düşüncəsi yoxdur, ya da ənənəvi mövqelərini ortaya qoyub iqtidar-xalq birliyi nəticəsində günbəgün artan inkişafı qısqanırlar. Azərbyacanın unikallığı ondan ibarətdir ki, Azərbaycan iqtidarı ilə xalq arasında səmimi birlik, inam var. Xalqı konkret olaraq 20 il bundan öncə özünün inkişaf yolunu müəyyənləşdirdi. 1993-cü ildə müəyyənləşdirilən bu yolun bəhrəsini xalqımız indi də görür. Bu gün bizim hamımızı, hər bir vətəndaşı düşündürən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin davam etdirilməsidir. Azərbaycan xalqı bu yoldan dönən deyil. Bu gün Azərbaycan rəhbərliyi xalqı ilə iqtidarı arasında qarşılıqlı ehtiram, inam və möhkəm birlik var. Bu birliyi pozmaq isə mümkün deyil. Ukrayna hadisələrinin ölkəmizdə baş verməsi üçün heç bir əsas yoxdur".

Müxalifət liderlənin hadisələri düzgün təhlil edə bilmədiyini deyən A.Hüseynov onu da əlavə edib ki, əgər təhlil edə bilirlərsə etsinlər görək Ukraynada niyə bu olaylar baş verir: "Ancaq təhlil edə bilməzlər. Çünki bunun üçün birinci növbədə obyektivlik lazımdır. O ki qaldı Ukraynada baş verən olayların başqa bir tərəfinə, bilməliyik ki, Ukrayna xalqı ilə Azərbaycan xalqını tarixi dostluq bağlayır, bu iki xalq həmişə mehriban, səmimi münasibətdə olmuşdur, xalqarımızı möhkəm dostluq əlaqələri bağlayır. Bizim onlara heç bir mənfi arzumuz yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə