“Xocalı faciəsi xalqımıza qarşı törədilən ağır cinayətlərdən biridir" Münasibət

“Xocalı faciəsi xalqımıza qarşı törədilən ağır cinayətlərdən biridir" Münasibət

"Xocalı faciəsi erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına qarşı törədilən ağır cinayətlərdən biridir. İllərdir bu hadisənin ildönümünü qeyd etməklə həm şəhidlərimizi anırıq, həm də ölkəmizin bu faciəni dünyaya tanıdılması istiqamətində gördüyü işləri dəstəkləyirik". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, erməni seperatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu: "İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi".

Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır: "Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Millət vəkilləri ilə yanaşı, dövlət rəsmilərimiz, hətta mətbuat nümayəndələri də ayrı-ayrı dövlətlərdə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər. Bu da təbii ki, dövlət siyasətinin tərkib hissəsidir. Əminik ki, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə