I Vitse-spiker: “Xocalıda genosidə məruz qalmış insanların qisası mütləq alınmalıdır”

I Vitse-spiker: “Xocalıda genosidə məruz qalmış insanların qisası mütləq alınmalıdır”

"Ədaləti bərpa etmək üçün Xocalıda genosidə məruz qalmış insanların qisası mütləq alınmalıdır. Lakin bu qisas xətrinə olmamalıdır. Biz ədaləti bərpa etmək üçün qisas almaq istəyirik". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I müavini Ziyafət Əsgərov deyib.

Z. Əsəgrov bildirib ki, qisas dedikdə söhbət ədalətin bərpa olunması üçün soyqırımı törətmiş şəxslərin beynəlxalq hüquqi cəzasını almasından gedir: "Ermənistanın dövlət başçısı Avropa Şurasında deyir ki, Xocalı soyqırımını biz törətmişik. Lakin buna heç bir reaksiya yoxdur. O şəxs cəzasını alanda, biz də qisasımızı almış olacağıq. Qisas bu mənadadır. Bizim kimisə gedib qırmaq, öldürmək fikrimiz yoxdur. Sadəcə genosidə məruz qalmış soydaşlarımızın qatillərinin cəzalandırılmasını istəyirik. Çünki həmin insanların qanı yerdə qalmamalıdır".

I Vitse-spiker vurğulayıb ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım deyil: "Bu bəşəri bir cinayətdir. Bu soyqırım 1948-ci il dekabrın 9-da qəbul olunmuş genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması ilə bağlı konvensiyaya tamamilə uyğun gəlir. Konvensiyada göstərilir ki, müəyyən etnik qrupa mənsub insanların qırılmasıdır. Xocalıda da insanları məhz azərbaycanlı olduğuna görə qırdılar".

Z. Əsəgrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərarlar, həmçinin Avropa Birliyinin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının qərarları var: "Getdikcə ayrı-ayrı dövlətlər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədilməsi ilə bağlı qətnamələr qəbul edirlər. Hesab edirəm ki, bu proses gedəcək. Çünki Azərbaycan bu məsələdə informasiya blokadasını yarıb. Bütün dünya da artıq başa düşür ki, həqiqətən də belə bir faciə, soyqırım baş verib və bu genosidə qiymət vermək, onu qəbul etmək lazımdır. Bundan sonrakı mərhələdə isə beynəlxalq məhkəmədə cinayətkarların cəzalandırılması məsələsini qoymalıyıq və mütləq qoyacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə