Yaqub Mahmudov: “Leyla Əliyevanın Xocalıya ədalət kampaniyası soyqırımın dünyada tanıdılmasında çox mühüm rol oynadı”
"Xocalı soyqırımının dünyaya çatdırılması üçün biz Azərbaycana qarşı törədilən bütün soyqırımların tarixini dərindən araşdırmalı və bunun fonunda öz səsimizi dünyaya çatdırmalıyıq". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili, tarix elmləri doktoru Yaqub Mahmudov deyib.
Millət vəkili qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri təmamilə yerlə yeksan edildi, əliyalın əhali məhv edildi: "Təkcə bununla dünyaya heç nə çatdırmaq olmaz. Bu tarixin dərinliklərinə gedən bitkin bir siyasətdir. Bu siyasət Çar Rusiyasının erməniləri bizim torpaqlarımıza köçürülməsindən başlayıb. Ermənilər bu ərazilərimizə köçürüləndən sonra onlar sadəcə burada məskunlaşmadılar, onlar həm də silahlandırıldılar. Bununla da torpaqlarımızdan Azərbaycan xalqının təmizlənməsi siyasəti başladıldı. Beləliklə də, tarixən xalqımız bir çox soyqırımlara məruz qaldı. Xocalı soyqırımı da onlardan biri kimi tariximizə yazıldı".
Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin dünya tarixindəki əsas mahiyyətinin 20-ci əsrin sonlarında bütün bəşəriyyətin gözü önündə törədilən ən vəhşi soyqırımının olduğunu deyən millət vəkili onu da qeyd edib ki, soyqırımı təbliğ etmək, dünyaya çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalıya ədalət kampaniyası soyqırımın dünyada tanıdılmasında çox mühüm rol oynadı. Soyqırımda qətlə yetirilən insanların haqqını tələb etmək bu gün Avropa məhkəməsinə, xarici ölkələrin parlamentlərinə, ölkə başçılarına müraciət edilməlidir. Soyqırımın törədilməsində günahkar şəxslər gec-tez cəzalarını almalıdır".
Millət vəkili onu da vurğulayıb ki, Xocalı soyqırımını təkcə 26 fevralda deyil, digər günlərdə də yad etməli, xatırlamalıyıq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB