Eldar Namazov: “Milli Şura artıq yoxdur”

Eldar Namazov: “Milli Şura artıq yoxdur”

Milli Şurada baş verən böhrandan doğan ittihamlar sırasına daha biri də əlavə olunub. SİA-nın məlumatına görə, "El" Hərəkatının sədri Eldar Namazov Milli Şura yetkililərinin qapalı şəkildə qəbul etdiyi layihəyə və siyahıya qarşı çıxıb. Hərəkat sədri bildirib ki, onun da adı sözügedən layihə-siyahıya salınsa da bununla razı deyil: "Bu proseslər açıq şəkildə aparılmalı idi. Belə bir qərar geniş ictimai müzakirədən keçirilməli və ya məsləhətləşmələr aparılmalı idi. Bundan sonra bu qərar açıqlanmalı idi. Bu qərarı qapalı saxlamaq istəyənlər də var idi, mətbuata ötürmək istəyənlər də. Bu da məndə dərin təəssüf hissi doğurur. Amma bu xəbəri təsdiqləməkdən başqa çarəm qalmır".

Milli Şuranın gizli siyahısının mətbuata necə çıxdığına gəlincə isə Eldar Namazov bunu dəqiq bilməsə də bu məlumatda təkzib olunmalı heç bir məqamın olmadığını qətiyyətlə dedi.

Lakin ilginc məqamlardan biri də budur ki, "El" sədri əvvəl yaradılan Milli Şuranın artıq olmadığı qənaətindədir. Eldar Namzov AXCP və Müsavata eyham vuraraq bildirib ki, Milli Şuranın taleyi bir neçə təşkilatdan asılı deyil: "Təəssüflər olsun ki, 2013-cü ilin mayında yaratdığımız Milli Şura artıq yoxdur. İndi söhbət köhnə adla, amma yanaşma, idarəetmə və format baxımından fərqli olan Milli Şuradan gedir. Əvvəlki Milli Şura artıq yoxdur".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə