Millət vəkili "Milli Şura"dakıları qaçaqmalçı "Hacı Qara"ya bənzətdi

Millət vəkili "Milli Şura"dakıları qaçaqmalçı "Hacı Qara"ya bənzətdi

"Azərbaycan dramaturgiyasında "Hacı Qara" sürəti var. Belə ki, o, qaçaqmalçılığa gedir və satmaq üçün bir neçə çit gətirir ki, çoxlu pul qazansın. Sonda isə gülünc vəziyyətə düşür. Bu misalı ona görə çəkdim ki, nə zaman "Milli Şura"dan danışsalar, yadıma Hacı Qaranın qaçaqmalçılıq iddiaları düşür. İnanmıram ki, müxalifət düşərgəsi 300-500 iştirakçını növbəti aksiyada bir araya gətirə biləcəklər. Bu sadəcə, onların boş xülyasıdır. Onların keçirmək istədikləri mitinq Hacı Qaranın qaçaqmalçılığa getmək sevdası kimidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov "Milli Şura"nın dekabrın 15-də keçirmək istədiyi aksiyaya münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın aqressiv müxalifəti özünün mövcudluğunu göstərmək və bu mövcudluğu qəzet səhifəsində, bəzən isə aksiyalar keçirməklə gündəmdə qalmaq istəyir: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqını düz yolla aparır".

" "Milli Şura"nın özü qondarma, dəstəyi olmayan, heç bir siyasi iddiasını gerçəkləşdirə bilməyən zəif qurum kimi sonuncu prezident seçkilərində özünü göstərmiş oldu. Bunu nəinki Azərbaycan, hətta bütün dünya ölkələri də görmüş oldu. Axı kim "Milli Şura"nın çağırışı ilə meydana çıxacaq? Meydana çıxıb nə deyəcəklər? Azərbaycanın müstəqilliyi onsuz da əbədidir. Bununla yanaşı, iqtisadiyyatımız daim yüksəlişdədir. Xalqın yaşayışı günü-gündən daha da yaxşılaşır" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə