Nazirlər Kabineti "Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi qaydası"nı təsdiq edib. SİA-nın xəbərinə görə, ümumi və baş planların həyata keçirilməsi monitorinqini respublika səviyyəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası səviyyəsində Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi keçirəcək.

Ümumi və baş planların həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildikdən sonra komitənin əməkdaşlarından və layihə müəlliflərindən ibarət komissiya ümumi planların həyata keçirilməsinin monitorinqini ən azı 10 (on) ildən bir, baş planların həyata keçirilməsinin monitorinqini isə 5 (beş) ildən bir aparır. Monitorinq zamanı ərazisi və ərazi hissələrində tarazlaşdırılan sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması və inkişafı, insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunması, ayrı-ayrı ərazilərin səciyyəvi xüsusiyyətlərinin (tarixi, mədəni, ekoloji və s.) qorunub saxlanılması, yaşayış məntəqələrində müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur obyektlərinin hamı üçün müyəssər (əlçatan) olmasının təmin edilməsi, ərazi hissələrində uzunmüddətli rəqabətə davamlı və məkan baxımından tarazlaşdırılmış iqtisadi infrastrukturun, iş və təhsil yerlərinin yaradılması, tarixi və təbii landşaftın qorunması və inkişaf etdirilməsi, ərazilərdən (və ya ərazi hissələrindən) ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla istifadə olunması qiymətləndirilir. Eyni zamanda mədəni irs obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti ənənələrindən, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların, kənd və meşə təsərrüfatı, enerji və su təchizatı, kanalizasiya və tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı qazıntı yataqları ilə bağlı iqtisadi maraqların, insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ictimai nəqliyyat da daxil olmaqla), o cümlədən insanların hərəkət çevikliyi ilə bağlı tələblərin, təbiət hadisələrindən mühafizə ilə bağlı tələblərin, müdafiə və mülki müdafiə ilə bağlı tələblərin təmin olunması qiymətləndirilir. Ümumi və baş planların monitorinqi nəticəsində komissiya tərəfindən tərtib olunan arayış müvafiq tədbirlərin görülməsi üçün komitəyə təqdim edilir.

Təqdim edilən arayışa əsasən ümumi və baş planlarda və yaxud onların icrası ilə bağlı tədbirlər planında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman komitə tərəfindən yeni təkliflər hazırlanaraq ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Nazirlər Kabinetinə təqdim edilir. Komitə tərəfindən təqdim olunan təkliflər Nazirlər Kabinetində razılaşdırıldıqdan sonra ümumi və baş planlarda və onların icrası ilə bağlı tədbirlər planında müvafiq dəyişikliklər aparılır və təsdiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə