Aydın Mirzəzadə: “Ölkə başçısının mükafata layiq görülməsi, onun beynəlxalq aləmdə yüksək nufuza malik olduğunu göstərir” MÜNASİBƏT

"Ötən gün ölkə başçımızın "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi o deməkdir ki, Azərbaycanın dövlət başçısı beynəlxalq aləmdə yüksək nüfuza malikdir". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə açıqlama verərkən deyib. O bildirib ki, dövlət başçısının apardığı siyasət ilk növbədə Qafqaz və Xəzər regionunda stabilliyin təmin edilməsində böyük rol oynayır.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin regionun inkişafı ilə bağlı atdığı addımlar, verdiyi təklifləri iqtisadi dirçəlişə, dövlətlər arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsinə səbəb olur: "Cənab İlham Əliyev bu gün dünyada kifayət qədər tanınan simadır. Apardığı siyasət Azərbaycanın nüfuzunu yüksəltməklə yanaşı, eyni zamanda problemlərin həllinə uğurlu yanaşma modelini də ortaya qoyur".

A.Mirzəzadə həmçinin vurğulayıb ki, beynəlxalq təşkilat tərəfindən ölkə başçımıza yüksək adın verilməsi, Azərbaycan prezidentinə, ölkəmizə verilən yüksək qiymət kimi dəyərləndirilə bilər: "Bu, çox əlamətdar bir hadisədir və bütün Azərbaycan vətəndaşları prezidentlərinin bu yüksək ada layiq görülməsinə sevinir, onu təbrik edirlər. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da uğurlar qazanacaq. Onun başçılığı ilə həyata keçirilən beynəlxalq layihələr uğurla nəticələnəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə