Politoloq: “Qarabağ problemi bir-iki il ərzində həll oluna bilər” AÇIQLAMA

"Dağlıq Qarabağın ətraf rayonlarının işğaldan azad olunması məsələsi gündəmdədir"

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü növbəti görüş kimi dəyərləndirmək olar". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev Azərbaycan və Ermənistan XİN başçılarının Kiyevdə baş tutan görüşünü şərh edərkən deyib. Ermənistanın bir dövlət kimi oyuncaq olduğunu deyən politoloqun sözlərinə görə, qərarı düşmən ölkənin özü deyil, hər zaman olduğu kimi ağası verir.

Onun sözlərinə görə, bu səbəbdən də Ermənistanın XİN başçısı ona verilən tapşırığa əsasən hərəkət edir: "Mən bu görüşdən nəsə gözləmirdim. Çünki ölkə başçımız dəfələrlə bəyan edib ki, Ermənistan strateji tərəfdaşları ilə olduğu kimi, beynəlxalq danışıqlarda da qeyri-səmimiliyini nümayiş etdirir. Ermənistan sonuncu dəfə Vilnüs sammitində qeyri-səmimiliyini bir daha göstərdi. "Assosiativ" üzvlük sazişini imzalamağa söz versələr də, sammitə az müddət qalmış sözlərindən döndülər. Belə olan halda prezidentlər səviyyəsində keçiriləcək görüşdən nəticə gözləmək o qədər də inandırıcı görünmür".

Politoloq vurğulayıb ki, son zamanlar ölkə başçısı İlham Əliyevin iradəsi, həyata keçirdiyi siyasəti nəticəsində Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fəallıq hiss olunmaqdadır.

C.Nuriyevin sözlərinə görə, həm ABŞ, həm də Avropa Birliyi ayrı-ayrılıqda bu məsələnin həllində favorit olmağa çalışır: "Lakin birada Rusiya faktorunu da unutmaq olmaz. Ona görə ki, Rusiya Azərbaycanın xarici siyasətində bir dövlət kimi ilk pillələrdə durur. Bundan əlavə, Azərbaycan Rusiya münasibətləri normaldır. Prezidentlər arasında münasibətlər də təkcə dövlət başçısı səviyyəsində deyil, həmçinin şəxsi müstəvidədir. Dağlıq Qarabağ problemi prezidentin şəxsi təşəbbüsləri, təkidi, iradəsini ortaya qoyması nəticəsində həll oluna bilər. Ermənistanın burada hər hansı bir rol oynayacağı boş məsələdir. Etiraf edək ki, Dağlıq Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir. Rusiyanın bu sahədə fəallaşması və sonuncu Gümrü görüşündə Qafqazdan getməyəcəyi ilə bağlı bəyanatı bir arxayınçılıq yaradır. Əgər onlar Qafqazda qalacaqlarsa, mütləq onların vassalı olan Ermənistan Gömrük İttifaqına girsə belə, Rusiya ilə heç bir sərhədi olmadığına görə, çox ciddi siyasi, iqtisadi problemlərlə üzləşəcək. Nəzərə alaq ki, İran birmənalı şəkildə ABŞ-la yaxınlaşır. Ona görə də Rusiya seçim etmək məcburiyyətindədir. Rusiya çox gözəl başa düşür ki, Azərbaycan Qafqazda nəinki lider ölkədir, həm də Qafqazın açarı Azərbaycandadır. Bu səbədən də Rusiya məcburdur ki, Qarabağın açarı ilə Qafqazın açarını heç olmasa eyni səviyyəyə gətirsin. Bu mənada inanıram ki, prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsini yaxın müddət ərzində həll etmək iqtidarındadır. Azərbaycanın ərazi bütövlüyü məsələsi yaxın bir-iki il ərzində tam şəkildə həll oluna bilər. Ölkə başçısının iradəsi, siyasi imkanları, iqtisadi manevrləri buna imkan verir. Azərbaycan bütün məsələrdə dövlətin marağını nəzərə alır və ona əsasən siyasət həyata keçirir. Ermənistan Azərbaycanın iradəsini qəbul etmək məcburiyyətində qalacaq. Amma buna zaman tələb olunur. Yaxın yarım il ərzində ən azı Dağlıq Qarabağın ətraf rayonlarının işğaldan azad olunması məsələsi gündəmdədir. Təbii ki, bunun görüşlərlə heç bir əlaqəsi yoxdur. Bu, ölkə başçısınnın yürütdüyü ağıllı siyasətlə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...