Novruz Məmmədov: “Azərbaycan Vilnüsdə Avropa İttifaqı ilə əməkdaşlığın mahiyyətini ortaya qoyub”

“Azərbaycanın belə yüksək zirvəyə çatmasında son 10 il ərzində Prezident İlham Əliyevin böyük rolu olsa da, bu siyasətin təməlini, tutduğumuz yolun böyüklüyünü, tarixiliyini, əbədiliyini məhz Ümummilli Lider Heydər Əliyev qoyub”
Novruz Məmmədov: “Azərbaycan Vilnüsdə Avropa İttifaqı ilə əməkdaşlığın mahiyyətini ortaya qoyub”

"Azərbaycan dövlətinin bu gün əldə etdiyi nailiyyətlərdə Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu, yeri, mövqeyi var. Dahı şəxsiyyətin gördüyü işlər barədə fikir mübadiləsi aparmaq, ondan müəyyən nəticələr çıxarmaq çox vacibdir". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Səs" qəzetinin redaksiyasında Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev və Azərbaycan" mövzusunda keçirilən dəyirmi masada deyib.

N.Məmmədov bildirib ki, hər bir əsrin əvvəli həm təbiətdə, həm də insanların şüurlarında çox güclü bir hərəkətə səbəb olur: "Bu gün 21-ci əsrin əvvəlində dünyada çox güclü hərəkət var. Beynəlxalq aləmdə həddindən artıq mürəkkəb proseslər gedir. Biz həmin prosesləri hər bir addımda hiss edirik. Bildiyiniz kimi Prezident İlham Əliyev noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitində iştirak etdi. Bu sammitlə bağlı dünyada, Avropada gedən proseslərin, fikir mübadiləsinin, qarşıdurmaların, onun müəyyən fəsadlarını hər biriniz yəqin ki, şahidi olmusunuz".

PA rəhbərinin müavini deyib ki, Ukrayna kimi böyük dövlətin bir tərəfə, "Şərq tərəfdaşlığı"na üzv dövlətlərdən ikisinin isə digər bir tərəfə meyllənməsi dünyada gedən proseslərin mahiyyətinə varmaq üçün bizə çox vacibdir: "Bunlarla yanaşı ətrafımızda olan dövlətlərin 20 illik tarixinə nəzər salsaq və Azərbaycanı onlarla müqayisə etsək, ölkəmizdə inkişaf, dirçəliş, sabitlik, təhlükəsizlik və insanların dünyada gedən bütün bu proseslərdən özünü arxayın hiss edərək yaşamasının şahidi oluruq. Uca dağın möhtəşəmliyini, böyüklüyünü görmək, bilmək üçün ona çox uzaqdan baxmaq lazımdır. Əgər sən onun ətəyində və ya üzərindəsənsə onu hiss edə bilməzsən. Bu mənada bizdən cismən uzaqda olsa da Ulu Öndər ruhən bizə daha yaxındır və hər birimizin qəlbində yerini daha da möhkəmlədir. Buna da səbəb Azərbaycanın digər dövlətlərlə müqayisədə daha yüksək zirdvədə olmasıdır.

N.Məmmədov qeyd edib ki, Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitində iştirak edən Avropa İttifaqı rəhbərlərinin hər biri keçirilən iki plenar iclasda Prezident İlham Əliyev və Azərbaycan dövləti haqqında xüsusi mövqe bildirdilər: "Azərbaycanın tutduğu mövqe ədalətli, ölkənin, xalqın, millətin maraqlarının müdafiəsində durduğu üçün bu yanaşmaya irad tutmağa heç rəhbərin əsas olmadı. Bu nöqteyi nəzərdən biz Avropa İttifaqı ilə əməkdaşlığın mahiyyətini ortaya qoyduq".

PA rəsmisi vurğulayıb ki, bu məqama çatmağımızda son 10 il ərzində Prezident İlham Əliyevin böyük rolu olsa da, bu siyasətin təməlini, tutduğumuz yolun böyüklüyünü, tarixiliyini, əbədiliyini məhz Ümummilli Lider Heydər Əliyev qoyub: "Artıq bizim heç birimizdə şübhə yoxdur ki, bu yol, seçim Azərbaycan üçün ən düzgün yoldur. Azərbaycan dünyanın ən mürəkkəb, Şimalla Cənubu, Şərqlə Qərbi, xiristian aləmi ilə islam aləminin qovuşduğu bir regionunda yerləşir. Belə bir məkan isə geosiyasi baxımdan ən mürəkkəb, bütün maraqların kəsişdiyi, diqqətlərin yönəldiyi bir regiondur. Bu region aktuallığını, vacibliyini hər zaman saxlayacaq. Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev XX əsrin sonu və XXI əsrin əvvəlində regionun siyasi mənzərəsini nəzərə alaraq ciddi addımlar atırdı. Məhz belə bir mürəkkəb dövrdə Ulu Öndərin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlməsi, xalqın səsinə səs verməsi yalnız nadir dövlət xadimlərinə xas olan keyfiyyətlərdəndir. Tarixi prosesləri nəzərdən keçirəndə görürük ki, tarixi Azərbaycanın torpaqları zaman-zaman kiçilib, qonşu dövlətlərin işğalına məruz qalıb. Amma Ulu Öndər Heydər Əliyev tarixin bir daha təkrar olunmasına imkan vermədi, bütün bu prosesləri dayandırdı. Hesab edirəm ki, Azərbaycan torpaqlarının işğalı prosesini dayandırmaq ən çətin məsələ idi. Ancaq, dahi siyasətçi, Ümummilli Lider Heydər Əliyev bu çətinliyin öhdəsindən qətiyyətlə gəldi".

N.Məmmədov deyib ki, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevi Moskvaya dəvət edəndə əslində SSRİ rəhbərliyində olanlar müəyyən mənada onu xalqından ayrı salmaq niyyəti güdürdülər: "Çünki, 1969-cu ildən sonra Ümummilli Lider Heydər Əliyev xalq üçün çox böyük işlər gördü. Xalqın dilini özünə qaytarmaqla bərabər, ruhunu, mənliyini, xalq kimi özünə qayıdışı təmin etmişdi. Ola bilsin ki, SSRİ dövründə qarşıda baş verəcək faciələrdən xəbərdar olublar deyə məhz Ulu Öndəri Moskvaya aparıblar. Onlar çalışırdılar ki, bir millət kimi Azərbaycan xalqının inkişafı dayansın. Prezidentlər seçilmiş adamlar olur. İndi də belədir. Fəaliyyətim dövründə 80-dən çox ölkənin seçilmiş insanlarını görmüşəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyev onların arasında ən seçilmişi, müdrikidir".

PA rəsmisi Ulu Öndərə həsr olunmuş tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq deyib ki, belə tədbirlərlə Heydər Əliyevin böyük siyasi və dövlət xadimi olmasını qeyd etməliyik və onunla fəxr etməliyik: "Mən 7 il onunla bir yerdə işləmişəm. Bu illəri özümün ən mənalı, şərəfli və məsul dövrü hesab edirəm. Ümummilli Lider Heydər Əliyev hər zaman siyasi və dövlət xadimi, insan, dost və ata kimi hər zaman nümunə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə