Qənirə Paşayeva Parlamentdə Əlillərin problemlərini qaldırıb

Bu gün ölkəmizdə əlillərin ümumi sayı təqribən 425 min nəfər təşkil edir
Qənirə Paşayeva Parlamentdə Əlillərin problemlərini qaldırıb

Parlamentin bu günki iclasında Millət vəkili Qənirə Paşayeva əlillərə verilən müavinətlərin, pensiyaların ölkə üzrə yaşayış minimumuna çatdırılmasını təklif etdi və Parlamentdə əlillərin problemlərini qaldırıb. SİA-nın məlumatına görə, millət vəkili çıxışı zamanı ölkə əhalisinin 5,5%-dən çoxunu təşkil edən əlillərdən, onların üzləşdiyi problemlərdən və həllini gözləyən məsələlərdən danışıb.

Q. Paşayeva bildirib ki, bu gün ölkəmizdə əlillərin ümumi sayı təqribən 425 min nəfər təşkil edir, o cümlədən 60 mindən çox əlil uşaq var və onların ümumi payı ölkə əhalisinin 5,5%-dən çoxunu təşkil edir.

I qrup əlillər başda olmaqla əlillərin onların müavinətlərinin artırılması ilə bağlı xahişini səsləndirən millət vəkili vurğulayıb ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib: "I qrup əlillərə 67 manat pensiya verilir. Onlar bildirirlər ki, 67 manatla yaşamaq onlar üçün mümkün deyil, çünki onlar təkcə yemək-içmək ehtiyaclarını deyil, dərman ehtiyaclarını da ödəməlidir ki, bu vəsaitlə onların ehtiyaclarını minimum səviyyədə qarşılamaq mümkünsüzdür. Onlar xahiş edirlər ki, onlara ölkə üzrə yaşayış həddindən aşağı pensiya verilməsin, ən azı bu rəqəm ölkə üzrə yaşayış minimumuna çatdırılsın ki, onlar da öz ehtiyaclarını minimum səviyyədə olsa da belə, ödəyə bilsinlər. Nəzərə almalıyıq ki, özəlliklə I qrup əlillərin əksəriyyətinin sağlamlıq səviyyəsi elədir ki, onlar işləyə bilmirlər, üstəlik bəzi sahələrdə işləmək imkanına malik olan I qrup əlilləri də qanunlara əsaslanaraq işə qəbul etmirlər. Yəni I qrup əlillər işləmək imkanından məhrumdurlar. Ona görə də ilk öncə I qrup əlillərdən başlayaraq, əlillərə əlilliyə görə verilən pensiya və müavinətlərin səviyyəsinin ölkə üzrə yaşayış minimumuna çatdırılması çox vacibdir və onlar qanunverici orqanlardan, hökumətdən bu istiqamətdə addımların atılmasını gözləyirlər".

Millət vəkili Qənirə Paşayeva eyni zamanda əlillərin əlil arabası ilə təminatı ilə bağlı üzləşdiyi problemləri qaldırıb və onların həll olunması bağlı addımların atılmasına çağırıb. O deyib ki, son illər ölkədə əlillərin əlil arabası ilə təmin olunması məsələsində irəliləyişləri görməmək mümkün deyil. Millət vəkilinin sözlərinə görə, əlillərin əlil arabalarına ehtiyacının ödənilməsi bu gün də ən vacib məsələlərdən biridir: "Amma ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, bu gün əlillərə verilən əlil arabaları əl ilə hərəkət etdirilir və hər bir əlilin yanında bir nəfər olmalıdır ki, onun əlil arabasının hərəkət etməsinə kömək etsin. Onsuz əlillərin əlil arabasından geniş səviyyədə istifadə etmələri çətin olur. Onlar xahiş edirlər ki, əlillər üçün dövlət tərəfindən alınan və verilən əlil arabaları motorlu əlil arabaları olsun ki, onların özləri başqalarının yardımı olmadan hərəkət etdirə bilsinlər. Bu məsələnin həlli əlil arabasına ehtiyacı olan əlillər üçün çox vacibdir və onlar bu istiqamətdə təkliflərin həllinin tapmasını gözləyirlər".

Millət vəkili Qənirə Paşayeva həmçinin bildirib ki, əlillərin hərəkəti üçün yol-nəqliyyat infrastrukturu, səkilər, küçələr, yeni tikilən binalar, təhsil və səhiyyə sistemi obyektləri, yerli və mərkəzi icra orqanlarının binaları əlillərin tələbatına cavab vermir və bu istiqamətdə əlillərin həllini gözlədiyi ciddi problemləri var və bu istiqamətdə ciddi işlərin görülməsinə ciddi ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə