Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nüqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək. Magistratura proqramının ADA-nın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.

Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcək.

Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı ADA-nın diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura proqramının tərkibində həyata keçiriləcək.

Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın diplomatiya və beynəlxalq münasibətlər ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə