Ermənistan Vilnüsdə Aİ-i ilə hər hansı bir sənəd imzalaya bilər

Mübariz Əhmədoğlu: “Ermənilər Avropada yeni yazıqlıq dalğası yaradıblar”
Ermənistan Vilnüsdə Aİ-i ilə hər hansı bir sənəd imzalaya bilər

"Ermənistan Prezidenti Serj Sarkisyan Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında Aİ-i ilə hər hansı bir sənəd imzalaya bilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu deyib ki, Serj Sarkisyanın belə bir sənədi imzalaması mümkündür: "Son günlər Aİ ilə Ermənistan arasında vəziyyət dəyişib. Aİ-də düşünürlər ki, Rusiya Ermənistanı öz təsiri altına alıb və onları incidir. Yəni ermənilər Avropada yeni yazıqlıq dalğası yaradıblar. Bununla da Avropanı qızışdıraraq Rusiyanın üzərinə qaldırıblar. Təsadüfi deyil ki, bu məsələyə görə, ABŞ Ermənistanın Vorosov su elektrik stansiyasına 180 min dollar vəsait ayırıb, Aİ 60 milyon avro, Avropa İnvestisiya Fondu da bir o qədər vəsait ayırmaq niyyətindədir. Yəni, bir neçə gün ərzində vəziyyət dəyişib. Bu məsələdə əsas motor ABŞ-dır və çalışır ki, Ermənistanda gedən iqtisadi proseslərə dəstək versin, Almaniya siyasi, Fransa isə hər iki dəstəyin tərəfdarıdır. Ona görə, S.Sarkisyanın Vilnüsdə hər hansı bir sənəd imzalaması gözləniləndir".

Politoloq vurğulayıb ki, ABŞ və Aİ Ermənistana siyasi və iqtisadi dəstək versələr, bu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində tutduğu mövqeyə tormuzlayıcı təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə