Gənclərin dövlət bayrağına hörməti və ehtiramı yüksəkdir FOTOLAR
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Gənclər Birliyi Avrasiya Universitetində 9 noyabr - Dövlət Bayraq Günü münasibətilə tədbir keçirdi. Dövlət Himni səsləndirildikdən sonra tədbirdə Azərbaycanın müasir bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin "Bayraq Günü" kimi qeyd edilməsi haqqında geniş məlumat verildi, fikir mübadiləsi aparıldı.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri Yusif Babanlı milli bayram münasibətilə gəncləri təbrik edərək bildirdi ki, Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, o cümlədər şəhər və rayon təşkilatları mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. "Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır. Növbəti belə bir tədbir ölkəmizdə təntənəli şəkildə qeyd edilən 9 Noyabr -Dövlət Bayrağı Gününə həsr edilib." Y.Babanlı Bayraq haqqında və bu milli bayramın təsis olunma tarixi barədə ətraflı məlumat verdi. "Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib."
Daha sonra Avrasiya Universitetinin prorektoru Edison Hacıyev bayrağımızın tarixi barədə məlumat verərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunub. E.Hacıyev vurğuladı ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılıb.
Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalıb. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il, 18 noyabr tarixli Fərmanına əsasən hər il 9 noyabrın "Dövlət Bayrağı Günü" kimi dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırdı. Çıxışının sonunda E.Hacıyev bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərin yolunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır.
Tədbirdə Avrasiya Universitetinin YAP Gənclər Birliyinin sədri Kamil Məhəmmədli, Yap Nərimanov rayon təşkilatının gənc fəalı Afaq Kərimli, YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Kənan Qubadzadə, YAP fəalı Ağa Mehdiyev və digərləri çıxış edərək vurğuladılar ki, bayrağımıza olan hörməti, sevgini nümayiş etdirək və bütün dünyaya göstərək ki, bu gün Azərbaycanın üzərində dalğalanan üçrəngli bayrağımız bütün azərbaycanlılar üçün ali dəyərdir, qürurdur, mərdlikdir.
Sonra YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin üzvləri tərəfindən hazırlanan ölkə Prezidenti İlham Əliyevin "Bayraq günü" ilə əlaqədar nitqi və bu günün tarixi haqqında qısa məlumatdan ibarət videoçarx izlənildi. Sonda tələbələr Azərbaycan bayrağının rənglərində geyinərək xatirə şəkli çəkdirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB