Zahid Oruc: “Hərbi xidmətə çağırış yaşının artırılmasına ehtiyac yoxdur” AÇIQLAMA

Zahid Oruc: “Hərbi xidmətə çağırış yaşının artırılmasına ehtiyac yoxdur” AÇIQLAMA

"Hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. O bildirib ki, hazırki dönəmdə Parlamentdə və ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsində bu istiqamətdə işlər görülmür.

Onun sözlərinə görə, hazırki dönəmdə buna ehtiyac da yoxdur: "Əgər bu cür söhbətlərin əsasında son günlərdə təhsil müddətinin 12 illik sistemə keçirilməsi dayanırsa, hesab edirəm ki, hazırda məsələnin qanun səviyyəsində qəbul edilməsinə ehtiyac yoxdur. Ona görə ki, əgər sistem qəbul olunarsa, o zaman məsələ məktəbə yeni gedəcək uşaqlara şamil olunacaq ki, bu da 2026-cı ildə gerçəkləşəcək. Belə olan halda, yaş həddinin artırılmasından 2026-cı ildə danışmaq olar".

Parlamentdə dəfələrlə bu məsələyə toxunulduğunu deyən. Z. Orucun sözlərinə görə, müzakirələrin əsasında xidmətə çağırılanların fiziki hazırlığı dayanıb: "Bilirsiniz ki, bəzi ölkələrdə hərbi xidmətə çağırışla bağlı yaş həddi 19, qardaş ölkə Türkiyədə isə 20-dir. Ona görə də Parlamentdə bu məsələlərə çox toxunulurdu ki, yaş həddinin artırılması valideyn himayəsində olan, həyatı hələ tam dərk etməyən insanlar üçün bir imkan ola bilər. Bu, ayrı bir mövzudur, bunu müzakirə etmək olar. Lakin hər bir halda bu, Parlamentdə və ya komitə səviyyəsində qərarlaşdırılacaq məsələ deyil. Ona görə ki, məsələ birbaşa Ali Baş Komandanın səlahiyyətinə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə