Elman Abdullayev: “Bu, Azərbaycan diplomatiyasının fəaliyyət dairəsinin genişlənməsinə işarədir” MÜNASİBƏT

Elman Abdullayev: “Bu, Azərbaycan diplomatiyasının fəaliyyət dairəsinin genişlənməsinə işarədir” MÜNASİBƏT

"Təbii ki, bu işğalçı siyasət bundan sonra davam etdirilə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Ermənistanın işğalçı siyasəti məğlubiyyətə məruz qalır". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Prezident İlham Əliyevin andiçmə mərasimində "Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu mövqenin və Ermənistanı bütün mənalarda beynəlxalq aləmdən təcrid etmək siyasətinin davam edəcəyini, Ermənistanın iqtisadi çökməsinə xidmət edən addımların atılmasının vacibliyi" haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Elman Abdullayevin sözlərinə görə, Azərbaycanın inkişafda əldə etdiyi böyük uğurlar, eyni zamanda buna paralel olaraq ölkəmizin beynəlxalq arenada önəmli aktra çevrilməsi, nüfuzunun günbəgün artması və dünyanın ən mötəbər beynəlxalq təşkilatı BMT TŞ-ya üzv seçilməsi onu göstərdi ki, cənab İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm xarici siyasət çox uğurludur: "Təbii ki, bu, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün ciddi bir göstəricidir. Ümumiyyətlə bu, dünya ictimaiyyəti tərəfindən Azərbaycana ola baxışın dəyişməsidir. Bununla da ölkəmiz öz məqsədlərini (ərazi bütövlüyünü, suverenliyini bərpa etmək və s.) həyata keçirmək üçün artıq ciddi kurs götürüb. Bu onu göstərdi ki, Azərbaycanın atdığı addımlar, eyni zamanda ölkəmizə çoxlu dostlar qazandırdı. Ölkəmizin xarici siyasətinin digər uğurlu tərəfi də Azərbaycanın çoxqütblü mövcud sistemdən məharətlə istifadə etməsidir. Dövlətimiz bunu Qoşulmama Hərəkatına üzv olaraq BMT TŞ-ya üzv seçilməsində göstərdi. Baxmayaraq ki Azərbaycanın rəqibləri Avropa İttifaqının iki üzvü (Sloveniya və Macarıstan) idi, lakin ölkəmiz bu yarışmadan qalib çıxdı. Onu da qeyd edim ki, Qoşulmama Hərəkatının 120 üzvündən 118-i Azərbaycanın xeyrinə səs verdi və onu dəstəklədi".

Cənab Prezident İlham Əliyevin çıxışındakı ikitərəfli münasibətlərə toxunan XİN sözçüsü əlavə edib ki, dövlət başçısının da dediyi kimi, "Azərbaycan diplomatiyası qarşısında qoyulan əsas hədəflərdən biri ölkəmizin dostlarının sayının atmasıdır": "Biz bunun reallıqda nə qədər əhəmiyyətli olduğunu gördük. Bu, birmənalı olaraq Azərbaycan diplomatiyasının fəaliyyət dairəsinin genişlənməsinə işarədir".

Bütün xəbərlər Facebook səhifəmizdə