Ukraynada Müstəqillik gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib FOTOLAR

Ukraynada Müstəqillik gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib FOTOLAR

Nikolayev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (SAMU) və Nikolayev Vilayətindəki Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Müstəqillik gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.

SAMU – dan SİA-ya verilən məlumata görə, təşkilatın Odessa, Krım, Xerson, Kiyev və digər şəhər təşkilatlarının fəalları Azərbaycanın dövlət müstəqillik gününə həsr olunan silsilə tədbirlərə Nikolayev şəhər 3 saylı klinik xəstəxanadakı talasemiyalı xəstələrə qan vermə aksiyası keçirməklə qoşulublar.

Sonra tədbir Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin təşəbbüsü ilə Bereznyakovski rayonunda inşa olunan 416-cı Taqanroq Azərbaycan Diviziyasının abidə kompleksinin önünə tər çiçəklər qoymaqla davam etdirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Xarkov, Odessa, Krım, Sevastopol və digər vilayət təşkilatları rəhbərlərinin, Ukraynada təhsil alan və yaşayan azərbaycanlı gənclərin, media və diaspora fəallarının iştirak etdiyi tədbirdə Nikolayev Vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri Yunis Əliyev çıxış edərək, Azərbaycan xalqının əsrlər boyu dövlət müstəqilliyi uğrunda apardığı şanlı mübarizə tarixindən danışıb. 22 il bundan öncə əldə olunan müstəqil Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulmasında Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Tədbirdə BUAK – ın Xarkov üzrə rəhbəri Qurban Abbasov, Krım üzrə rəhbəri Rəhim Hümbətov, Sevastopolda fəaliyyət göstərən Qobustan radio proqramının rəhbəri Həbib Əliyev, SAMU sədri Anar Tahirov, Birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva, Nikolayev vilayət təşkilatının sədri Elnarə Rüstəmova və Xerson vilayət təşkilatının sədri Elbin Quliyev çıxış edərək bu gün öz inkişaf və intibah dövrünü yaşayan Müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən bəhs ediblər.

Sonra tədbir Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində davam etdirilib. Uşaqları Azərbaycanın Milli müstəqillik günü münasibəti ilə təbrik edən R. Hümbətov və SAMU sədr müavini Cavid Hüseynzadə məktəblilərə Azərbaycanın qədim və zəngin mədəniyyəti, xalqımızın əsirlər boyu müstəqillik uğrunda apardığı mübarizə tarixi haqqında ətraflı məlumat veriblər.

Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, qədim və zəngin mədəniyyətimizin təbliğ olunmasında vətən hüdudlarından kənarda yaşayan uşaqların üzərinə düşən vəzifələrdən danişıblar. Uşaqlar isə öz növbələrində vətənə, xalqımıza, dövlətimizə həsr olunan şeirlər söyləməklə Azərbaycanı gələcəkdə layiqincə təmsil edəcəklərini öz fitri istedadları ilə sübuta yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə