Bu gün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Sahil qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Milli Məclisin üzvü Ağalar Vəliyev, Qaradağ rayon ictimiyyətinin nümayəndəsi Bəhruz Qəndilov, sahibkar Rüfət Sucayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatın sədri Aydın Hüseynov seçiciləri salamlayaraq, ölkəmizin həyatında bu prosesin olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, ölkənin bütün regionlarında prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası həyata keçirilir: "Keçirilən görüşlərin yüksək əhval-ruhiyyə çərçivəsində keçməsi bizi çox sevindirir. YAP Qaradağ rayon təşkilatının keçirdiyi görüşlərdə müşahidə olunan yüksək aktivlik, bayram əhval-ruhiyyəsi bir daha onu göstərir ki, xalq İlham Əliyevlədir və yalnız onu dəstəkləyir".
Milli Məclisin üzvü Ağalar Vəliyev də çıxışında Azərbaycanda gedən sürətli inkişafdan və bu inkişafın müəllifi Prezident İlham Əliyevə olan xalq dəstəyindən danışıb: "Bu inkişafın əsas səbəbkarı Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan liderdir. Gəlin inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək. Çünki cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Onun dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Yeni yollar salınıb, körpülər tikilib, təhsil, səhiyyə, idman mərkəzləri inşa edilərək istifadəyə verilib".
A.Vəliyev qaradağlı seçiciləri bu yeniliklərin banisinə - Prezident İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra Qaradağ rayonu ictimaiyyətinin nümayəndəsi Bəhruz Qəndilov söz alaraq, son 10 il ərzində Azərbaycanda görülən işlərdən söhbət açıb. Diqqətə çatdırılıb ki, ölkəmiz bu dövr ərzində böyük uğurlara və nailiyyətlərə sahib olub: "Bu dövr ərzində ölkəmizin siyasi imici yüksək səviyyəyə gəlib çatıb. Bu, bizləri sevindirir. İnanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz həllini tapacaq və bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar".
Natiq hər kəsi 9 oktyabrda keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Sahibkar Rüfət Sucayev isə son 10 il ərzində Prezident İlham Əliyev tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizin iqtisadi nailiyyətləri günü-gündən artmaqdadır. Bu da hər bir sahibkarda böyük ruh yüksəkliyi yaradıb. O, sahibkarlara səslənərək ölkə başçısına səs verməyə çağırıb.
Sonda seçicilər Hafiz Hüseynov və Platon Qasımov çıxış edərək vurğulayıblar ki, 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri İlham Əliyevin qələbəsi ilə başa çatacaq.
Görüş səmimi fikir mübadiləsi şəraitində yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB