YAP Səbail rayon təşkilatında veteran və ağsaqqallarla görüş keçirilib

YAP Səbail rayon təşkilatında veteran və ağsaqqallarla görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün YAP Səbail rayon təşkilatında veteran və ağsaqqallarla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov, Azərbaycan vətən müharibəsi veteranları birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, Azərbaycan dövlət pedaqoji universitetinin (ADPU) rektoru Yusif Məmmədov və digər şəxslər iştirak ediblər.

Azərbaycan Vətən müharibəsi veteranları birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev çıxış edərək ölkə başçısı tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə dövlət başçısı cənab İlham Əliyev tərəfindən həll olunacağına ümidvar olduğunu bildirib: "Ömürlük həbs cəzasına malik olan Ramil Səfərovun Prezident tərəfindən ölkəmizə qaytarılmasının özü böyük nailiyyətdir. Bu, veteranlara, şəhid ailələrinə, əlillərə verilən yüksək qiymətin bariz nümunəsidir. Ölkə başçısının son 10 il ərzində gördüyü bütün işlər isə bizlərin hər birinin gözləri önündədir. Bizim seçimimiz artıq bəllidir. 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində biz öz səsimizi hakim partiyanın namizədi cənab İlham Əliyevə verəcəyik".

YAP İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov çıxış edərək veteran və ağsaqqallara 9 oktyabrda keçiriləcək prezident seçkilərinə fəal şəkildə qoşulduqlarına görə təşəkkürünü bildirib: "Artıq xeyli müddətdir YAP Səbail rayon təşkilatında hakim partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam etdirilir. İndiyədək Səbail rayonunda çoxsaylı görüşlər keçirilib. Bəlli olub ki, rayon ərazisində olan 47 min nəfər seçicinin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək. Təbii ki, bu, bizləri çox sevindirir. Ümummilli lider Heydər Əliyev siyasi kursu cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədov və digər şəxslər çıxış edərək hər kəsi birmənalı olaraq 9 oktyabda keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə