Milli Məclisin Regional Komitəsinin payız sessiyası başlayıb

Milli Məclisin Regional Komitəsinin payız sessiyası başlayıb

Bu gün Milli Məclisin Regional Komitəsinin payız sessiyası üçün ilk iclası başlayıb. SİA xəbər verir ki, iclası açıq elan edən komitə sədri Arif Rəhimzadə ilk olaraq 2013-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib.

O qeyd edib ki, bu müddət ərzində komitənin VI iclası keçirilib və 14 məsələ müzakirə edilib ki, onlardan 11-i qanun layihələridir: "Sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub. Hesabat dövründə komitənin ünvanına daxil olan 200 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 99-u araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən 512 nəfər vətəndaş qəbul edilib. Beynəlxalq təşkilatlarda fəal iştirak edən Komitə üzvləri, Azərbaycanın mövqeyini orada nümayiş etdiriblər".

Deputat Fəttah Heydərov bildirib ki, komitənin məqsədyönlü fəaliyyəti sahəsində bələdiyyələrin fəaliyyətində irəliləyişlər olub: "Komitə üzvləri yayda nəinki istirahət ediblər, çox vaxtlarını seçiciləri ilə görüşlərdə olublar. Bu müddət ərzində respublika rayonlarında apardığımız müşahidələr göstərir ki, ölkədə sürətli inkişaf edir. Bölgələrdə gedən abadlıq, insanların ehtiyaclarını ödəmək, həyat şəraitinin yaxşılaşdırılması üçün gedən işlər ürəkaçandır. Elə bölgə tanımıram ki, orada durğunluq olsun. Rayon mərkəzlərində və paytaxtda səviyyəli işlər görülür. Bu işlərin gedişində bələdiyyələrin fəaliyyəti xüsusilə gözə çarpır. Bələdiyyələr icra hakimiyyətləri ilə birlikdə faydalı iş aparırlar və Bələdiyyələrlə bağlı Milli Məclisdə aparılan iş müntəzəm, daimi olub".

Millət vəkili Fəzail İbrahimli bildirib ki, bələdiyyələrin söz və nüfuz sahibinə çevrilməsinin vaxtı çatıb. O qeyd edib ki, komitənin fəaliyyəti sahəsində bələdiyyələrin fəaliyyəti genişlənib, onlara ayrılan büdcə artırılıb.

Komitənin üzvləri çıxışlarında hesabatı məqbul hesab etdiklərini bildiriblər.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə