Bəxtiyar Sadıqov: “Cəmil Həsənli qurbanlıq qoyun kimi seçkilərə getmək zorundadır” AÇIQLAMA
"Yəqin ki, "Milli Şura"nın namizədi Cəmil Həsənli özünü prezidentliyə hazır bilir. Hətta o hesab edir ki, oktyabrda keçiriləcək prezident seçkilərində xeyli sayda səs toplaya bilər. Təbii ki, bu onun öz qənaəti və fikridir". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Milli Şura"nın namizədi Cəmil Həsənlinin hansı xüsusiyyətlərə görə, prezident seçilə bilməz məsələsinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, Azərbaycan demokratik bir cəmiyyətdir. Burada kim istəsə, öz namizədliyini irəli sürə və səs toplayıb namizədliyini təsdiq etdirərək seçkilərə qatıla bilər. Sonda isə qərarı xalq verəcək: "Amma bu məsələlərə kənardan baxış da var. Belə ki, kimin özü haqqında hansı fikirdə olmasından asılı olmayaraq, hər bir insan haqqında da ətrafındakıların öz şəxsi fikirləri və qənaətləri var. Cəmil Həsənli uzun müddət elmlə məşğul olub və tarixçidir. Eləcə də bir sıra əsərlərin, məqalələrin, monoqrafiyaların müəllifi olub. Hətta bəzi xarici ölkələrdə onun bir neçə kitabı da dərc olunub. Yəni, bütün bunları heç kim danmır. Amma elm başqa, siyasət isə tamam başqadır. Azərbaycanın müstəqillik tarixi və qısa müddətdə keçdiyi yol da onu göstərdi ki, prezidentlik iddiasında olanlar, hətta bu posta seçilənlər belə prezident vəzifəsini idarə etməyə qadir deyillər. Onlar çox qısa müddətdə həm özlərinin bacarıqsızlıqlarını göstərirlər, həm də xalqı və dövləti çətin duruma salırlar. Yəni, AXCP-nin hakimiyyətə və iqtidara gəlməsi sonradan isə heç bir il çəkmədən yox olması, hər birimizin gözləri qarşısındadır. Hətta hamı elə bilirdi ki, Əbülfəz Elçibəy hakimiyyətə gələn kimi Azərbaycan 6 ay ərzində Küveyt dövləti səviyyəsinə çatdırılacaq, ölkəmizdə demokratik cəmiyyət qurulacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunacaq və s. Amma heç bir nəticə olmadı. Ölkəmiz əksinə xaos, anarxiya burulğanına düşdü. Beləcə, Azərbaycanda nəinki demokratik cəmiyyət quruculuğuna başlanıldı, heç islahatlar belə həyata keçirilmədi"
Bəxtiyar Sadıqov deyib ki, məhz, Ulu Öndər Heydər Əliyevin xalqın səsini eşidərək geri qayıtması, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasına gətirib çıxardı: "Hesab etmirəm ki, Cəmil Həsənli heç 0.1 faiz səs toplasın. Biz Cəmil Həsənlini hər zaman arxa planda görmüşük. Onun nəinki təşkilatçılıq qabiliyyəti, heç müstəqil siyasətçi kimi danışığı, addımı, hərəkəti belə olmayıb. Bu insan ömrü boyu, bir müstəqil quruma belə rəhbərlik etməyib. Ola bilsin ki, Cəmil Həsənli yaxşı tarixçidir, amma onun hakimiyyətə gələrək dövləti idarə etməsi, mümkün olmayan məsələdir. Digər müxalifət partiyalarının da liderləri bilirlər ki, seçki uduzulub. Onlar növbəti dəfə bu biyabırçılığı yaşamamaq üçün guya ki, Cəmil Həsənliyə böyük etimad göstərirlər və ona inanırlar. Çox təəssüflər olsun ki, Cəmil Həsənli də bunlara inanır, Beləcə, həmin insan qurbanlıq qoyun kimi seçkilərə getmək zorundadır. Bu insan öz məğlubiyyətini bilir və sadəcə olaraq oyundan çıxmağın yollarını tapa bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB