Şəhidlərin əziz xatirəsi yad edilib

Şəhidlərin əziz xatirəsi yad edilib

1993-cü il avqustun 31-də Azərbaycan tarixində faciəli bir hadisə baş verdi. Ermənistan hərbi birləşmələri xarici havadarlarının hərbi dəstəyi ilə Azərbaycanın dilbər guşələrindən biri - Qubadlı işğal edildi. Artıq həmin tarixdən bizi 20 il ayırır.

Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, "Dənizdən dənizə böyük Ermənistan" yaradılması kimi daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də Dağlıq Qarabağ, eyni zamanda işğal edilmiş Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yaylım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 31 364 nəfər öz yurd yuvasını tərk etməyə məcbur qaldı. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid oldu. Lakin itkilər yalnız bununla bitmir.

Rayon ərazisində 23-ə yaxın mağara və üç 4-cü və 5-ci əsrə aid qalanın taleyi bu günə qədər məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxananı ermənilər dağıdıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, İrəvan indiyədək buna məhəl qoymur.

Məhz bu gün münasibətilə Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov başda olmaqla millət vəkilləri, ictimaiyyət nümayəndələrinin üzvləri Şəhidlər Xiyabanına gələrək Azərbaycan ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər və məzarları önünə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə