Saatlıda Qarayevkənd-Sımadakənd avtomobil yolu açılıb

Saatlıda Qarayevkənd-Sımadakənd avtomobil yolu açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak edib.

Son illər ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş verib. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Bu proses Saatlı rayonunda da geniş vüsət almışdır. Rayonun Qarayevkənd-Sımadakənd yerli əhəmiyyətli avtomobil yolu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub.

Dövlətimizin başçısı avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Bildirildi ki, uzun müddət təmir işləri aparılmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 16 iyul tarixli Sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir.

Qeyd edildi ki, yolun layihə-smeta sənədləri "Azərnəqliyyatyoltikinti" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanıb. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hazırda yolun 11 kilometrlik hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində qurulan avtomobil yolunda 22 su keçidi tikilib, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulub. Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri basdırılıb.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bütün xəbərlər Facebook səhifəmizdə