Prezident İlham Əliyev M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olub

Prezident İlham Əliyev M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu mühüm sahənin dövlət siyasətinin prioritetləri sırasında olmasının bariz göstəricisidir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, yeni korpuslar inşa olunub. Bu dövrdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılıb və internetlə təchiz edilib. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondu da hərtərəfli dəstəyini əsirgəmir. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri də M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdir.

Azərbaycan Prezidenti məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxdı.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.

Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılıb, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılıb. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılıb. Ümumi sahəsi 9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılıb. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı var. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılıb. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilib. Burada müasir idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılıb.

Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə