Prezident YAP-ın Sabirabad rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, binanın inşasına 2012-ci ilin mayında başlanıb. Tikinti işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunub. Orijinal layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilən üçmərtəbəli bina şəhərin görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.
Binanın foyesində xalqımızın ulu öndəri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Binanın 60 nəfərlik iclas zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. İkinci mərtəbədəki inzibati otaqlarda da hər cür şərait vardır. Buradakı konfrans zalı, arxiv və digər otaqlar müasir səviyyədədir.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının 1993-cü il yanvarın 16-da 16 ilk ərazi təşkilatının iştirakı ilə təsis yığıncağı keçirilib. Hazırda isə 88 ilk ərazi təşkilatı fəaliyyət göstərir. 7 min 256 siyasi həmfikiri birləşdirən YAP Sabirabad rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyası təşkilatları üçün belə müasir binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanıb. Bu, həm də respublikanın ağır günlərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına göstərilən diqqəti nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB