“SOROS”un məkrli para yardımı

Fondunun 1 milyon 200 min dollar ayırması “Milli Şura”nın təxribatçı qurum olduğunu sübut edir
“SOROS”un məkrli para yardımı

"SOROS" fondunun Leyla Yunusun rəhbərlik etdiyi "Sülh və Demokratiya İnstitutu" vasitəsilə 1 milyon 200 min dollar ayırması müəyyən məkrli siyasətin "Milli Şura" vasitəsi ilə həyata keçirilməsinə hesablanıb. Söhbət etidiyimiz müsahiblərimiz isə "SOROS" kimi fondların müxalifətə investisiya qoymalarının xeyir verməyəcəyini bildiriblər.

Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli:

- Problem ondan ibarətdir ki, kütləvi aksiyalar yalnız aksiyalar naminə keçirilir və sonda məlum olur ki, bu aksiyaların keçirilməsində əsas niyyət hansısa bir problemi qaldırmaq və onun həllinə nail olmaq deyil. Bunu demək üçün kifayət qədər əsaslar var. Çünki mitinqdə elə məsələlər qaldırılır ki, onların həlli mümkün deyil. Hətta hakimiyyət belə istəsə bu problemi həll edə bilməz. İndiyədək müxalifətin bir qrupunun keçirdiyi mitinqdə Azərbaycan parlamentinin buraxılması məsələsi qoyulub ki, bu da absurd bir məsələdir və məsələnin bur cür qoyuluşu düzgün deyil. Buna görə də insanda belə təəssürat yaranır ki, mitinqlərin keçirilməsində başqa niyyətlər var. Bu niyyətlərlə onlar xarici qüvvələrə göstərmək istəyirlər ki, onların da arxasında sosial baza var və müəyyən qədər onlarla da əməkdaşlıq etmək olar.

Bu hal ümumilikdə bütöv müxalifət düşərgəsini əhatə edə bilməz. Çünki Azərbaycanda elə müxalifət üzvləri var ki, onlar heç bir xarici qüvvələrlə əməkdaşlıq etmirlər. Əgər belə yardım ayrılıbsa, bu yardım müxalifətin müəyyən bir hissəsinə ayrıla bilər. Ümumiyyətlə, bu cür iddialar tez-tez səslənir və təəssüf doğurur. Onu da qeyd edim ki, "SOROS" fondunun maliyyələşdirdiyi qüvvələrin yerləşdiyi ölkələrdə heç zaman xoşbəxtlik olmayıb. "SOROS" fondunun maliyyələşdirdiyi narıncı inqilablar Ukrayna və Gürcüstanda çox böyük dağıntı və fəlakətlərə səbəb olub. Çoxsaylı insan qırğınları baş verib. Onu demək lazımdır ki, həmin ölkələr "SOROS" fondunun onlara müdaxilə etməsindən sonra hələ də özlərinə gələ bilməyiblər və daxildə gizli olsa da belə çox böyük vətəndaş qarşıdurmaları mövcuddur. Ona görə də belə hesab edirəm ki, siyasi müxalifətin xaricdən dəstək alması heç bir halda düzgün deyil. Xüsusilə maliyyə yardımı alması qəbul olunmazdır. Artıq Azərbaycan hökuməti Azərbaycandakı siyasi partiyaların maliyyələşməsi siyasətini həyata keçirir. Parlamentdə təmsil olunan partiyalar dövlət tərəfindən maliyyələşdirilir və hesab edirəm ki, gələcəkdə Azərbaycanda fəaliyyət göstərəcək bütün partiyalara bu və ya digər şəkildə maliyyə dəstəyi göstəriləcəkdir. Artıq siyasi partiyaların maliyyə vasitəsilə xaricdən asılılığına son qoyulacaqdır.

İctimai Problemlərin Tədqiqi Assosasiyasının sədri Məhərrəm Zülfüqarlı :

- Bildiyimiz ki, seçki öncəsi həmişə bütün siyasi qüvvələr fəallaşır. Mənə elə gəlir ki, mitinqlərdə irəli sürülən tələblərə də baxmaq lazımdır ki, onlar qərəzlidir yoxsa obyektiv səbəblərdir. Bəzi hallarda bir çox xarici qüvvələrin maraqları da vardır. Ümumiyyətlə qeyd etməliyəm ki, Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələr var və bununla onlar çalışırlar ki, Azərbaycana təzyiqlər göstərsinlər. Ona görə də mitinqləri təşkil edənlər özləri bilməlidirlər ki, onlar Azərbaycanda xarici qüvvələrin xeyrinə olan addımlar atılmamalı, Azərbaycanın beynəlxalq aləmdəki imicinə xələl gəlməməlidir. Amma, bütün hallarda seçki ilində mitinqlərin keçirilməsinə mənfi münasibət bildirmək lazımdır.

Kütləvi aksiyalar üçün xaricdən maliyyə almaq Azərbaycanda siyasi sabitliyin pozulmasına xidmət edən məsələdir. Bu məsələlərlə Azərbaycanın müvafiq qurumları məşğul olur. Əgər doğrudan da Azərbaycanda mitinqlərin keçirilməsi üçün pul ayrılırsa, bu əlbəttə ki, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Amma, gərək bu məsələ sübut olunsun. Yadınızdadırsa, əvvəlki aylarda keçirilən aksiyalarla bağlı Milli Demokratiya İnstututunun buradakı nümayəndəsinin hesabından pul ayrılması faktı müvafiq dövlət qurumlarının sayıqlığı nəticəsində aşkarlandı. İndi də bu faktlar aşkarlanıb, təsdiqlənərsə əlbəttə ki, bunlar Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməli və buna qarşı da ciddi tədbirlər görülməlidir.

BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı :

- Mitinqləri siyasi gündəmə gətirmələrinin yeganə səbəbi "Milli Şura" daxilində baş vermiş uğursuzluğu aradan qaldırmaqdır. Öz tərəfdarlarını və cəmiyyəti bu biabırçılıqdan yayındırmaq istəyirlər. 3-4 gün bundan qabaq mitinq keçirdilər, nə dəyişdi ki? Yenə də xalqın dəstəyini qazanmadılar. Bu elə əvvəlcədən də gözlənilirdi. Mitinqə çıxan insanların hamısı öz partiya üzvləri oldu. Bütün günü yekə-yekə bəyanat verən Eldar Namazovun "EL" hərəkatından 16 nəfər təmsilçi ilə iştirak edib. Eldar Namazov son 15 ildə özünə bir təşkilat qura bilmir, bununla belə o böyük iddialara düşür. Artıq elə bir vəziyyətə gəliblər ki, hər gün bir-birlərinə qarşı açıq təhqirə keçirlər. Bütün bu hadisələri bir-birinin üzərinə atırlar. İndidən məğlubiyyətlərini etiraf edirlər. Hətta cəsarət nümayiş etdirib, "Yeni Musavat" qəzetinin baş redaktoru son müsahibəsində deyib ki, "Rüstəm İbrahimbəyov layihəsi Rusiyanın bir layihəsi idi və bunu Azərbaycana qarşı təzyiq olunmasına görə yaratmışdılar. Bu gün müxalifət liderləri 2008-ci ildəki kimi İlham Əliyevə rəqib olmağa cəsarət etmirlər. Bir neçə ay bundan qabaq bütün günü təbliğat aparırdılar ki, Moskvada olan Rüstəm İbrahimbəyovu Rusiya hakmiyyətə gətirir. Elə çoxları da buna aldanıb, bu oyunun qurbanı oldular. Putinin Azərbaycana gəlişindən sonra gördülər ki, boş bir vəd imiş və Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəmir. Belə bir fikiri də əvvəldən olmayıb. Bu hadisədən sonra həm Azərbaycan xalqı , həm də Qərb dairələri gördülər ki, bunların 20 ildə danışdıqları cəfəngiyyat imiş və adi bir çağırışa Rusiyanın siyasi maraqlarının iştirakçıları oldular və xalq da gördü ki, bunlar üçün milli maraqlar da hakimiyyətə gəlmək üçün ayaqlar altına atılır. Bu hadisədən sonra nə Qərb dairələri, nə də xalq heç vaxt bu qüvvələri qəbul etməyəcək. Bundan sonra hansı xarici siyasi dairlər bunların marağını cəlb edə bilər? İstənilən beynəlxalq təşkilatın Azərbaycanda keçirilən mitinqlərə maliyyə vəsaiti ayırması qanunsuzluqdur. Ancaq mən inanmıram ki, xarici maraqlı qüvvəlrin əlində oyuncağa çevrilən "Milli Şura"ya hansı xarici təşkilat maliyyə vəsaiti ayırsın. Bu cür informasıyaları bu qurumun başında duran şəxslər yayır ki, bəlkə kimsə, pul adını eşidib, bunlara texniki işlərdə kömək edər. Yəni, pulla bəzi adamları özlərinə işlətmək istəyirlər.

Sadiq Qaçayev

Bütün xəbərlər Facebook səhifəmizdə