Son vaxtlar Dağlıq Qarabağdakı erməni əsgər və zabitlərinin Azərbaycana keçməsi halı kütləvi xarakter daşımaqdadır. Artıq bu tendensiya ənənəvi xarakter daşıyır. Politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlaması zamanı bildirib ki, erməni əsgərlərinin Azərbaycana keçməsi işğalçı ölkənin vəziyyətinin ağır olmasından xəbər verir: "Bu, növbəti dəfə sübut edir ki, zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan dövləti iflic vəziyyətdədir. İşğalçı ölkə olan Ermənistanın sosial və siyasi vəziyyətinin getdikcə pisləşməsi erməni ordusunda durğunluq yaradır. Bu baxımdan, Ermənistan hərbiçiləri acınacaqlı vəziyyətdədir. Bu gün Ermənistan ordusu özünün döyüş qabiliyyətini itirib. Çünki işğalçı ölkə tərəfindən öz ordusuna heç bir diqqət və qayğı yoxdur".
Palitoloq qeyd edib ki, ağır sosial, iqtisadi vəziyyət özünü ən qabarıq şəkildə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ordusunda göstərir: "Bu gün Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal altında saxlamaq iqtidarında deyil. Müəyyən qüvvələr var ki, Ermənistanın bu işğalçılıq siyasətini aparmasına yardımçı olur. Ermənistan hərbisindəki acınacaqlı vəziyyət, əsgərlərə qarşı olan kobud münasibət onları çıxılmaz vəziyyətə salır. Bu gün erməni əsgərləri Azərbaycan torpaqlarını işğal altında saxlamağın deyil, öz canlarının hayındadırlar. Ona görə də, işğalçı ölkədə bu cür hallar baş verir. Ermənistan ordusunun əsgərlərinin sərhədi keçərək Azərbaycana gəlməsi bir daha işğalçı ölkədə ordunun vəziyyətinin ağır olmasından xəbər verir. Bu gün Ermənistan hansısa güclərin maraqları çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo vəziyyətini davam etdirmək məcburiyyətindədir. Yəni, Ermənistanın münaqişə vəziyyətində atdığı addımlar özünün müstəqil addımları deyil, xarici qüvvələrin diqtəsi ilə atdığı addımlardır. Sadəcə olaraq, Ermənistan mövcudluğu sual altında olduğu halda, Azərbaycan torpaqlarını işğal altında saxlamaq məcburiyyətində qalır. Bu gün Ermənistan güclü qüvvələrin maraqlarına cavab verərək özü haqqında düşünməyi yaddan çıxarıb. Bu da Ermənistanın bir dövlət olaraq çökməsindən xəbər verir".
Gülyanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB