Daha bir nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

Daha bir nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azadlıq Partiyası tərəfindən namizədliyi irəli sürülən Əhməd Abdul oğlu Orucovun (Əhməd Oruc) prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin namizədliyinin qeydə alınması və digər məsələlər müzakirə olunub.

İclasda Əhməd Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq səsvermə ilə qəbul olunub.

Bundan başqa Əli Muxtar oğlu Rzayev Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.

ASDP-nin sədri Araz Əlizadənin prezident seçkilərində iştirak etməklə bağlı müracətinə gəlincə isə M. Pənahov bildirib ki, onun və başqalarının sənədləri tam qaydasında olmadığına görə, onlara növbəti iclaslarda baxılacaq.

İclasda MSK-nın 26 iyul, 2 avqust və 10 avqust tarixli iclas protokolları təsdiq edilib.

İclasda MSK katibləri Arifə Muxtarova, Mikayıl Rəhimov və qurumun üzvü Şaitdin Əliyev bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Sonra cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, indiyədək 7 nəfər prezidentliyə namizəd kimi sənədlərini MSK-ya təqdim edib. Onlar Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə