Əlini Rüstəm İbrahimbəyovdan üzənlər yeni lider axtarışındadırlar

Əlini Rüstəm İbrahimbəyovdan üzənlər yeni lider axtarışındadırlar

Müxalifət liderləri qoca kinodramaturq Rüstəm İbrahimbəyovla Tbilisidə keçirdikləri görüşdən gileyli qayıtdılar. Hətta o qədər gileyli ki, özlərinin uydurduqları "Milli Şura"nın "vahid namizəd"i ideyasını əvvəlcədən yazılmış ssenari adlandırdılar (axı, qoca belə ssenariləri çox uydurub). Deyəsən, "dostlar" bir-birlərini daha yaxşı tanımağa başlayıblar. Hətta müxalifətin öz liderinin arxasınca Tbilisiyə getməsinə də ironiya ilə baxır, sonucda yenə də hakimiyyət telekanallarını, mətbuatını günahlandırırlar.

Ekranda Tbilisi fiaskosunun bayram edilməsinə möhkəmcə əsəbləşiblər, amma əbəs yerə! Axı, bu fiaskonu gürcülər yox, gedib Tbilisidə hotel kirayələyərək siz quraşdırmısınız. Bəs nümayiş etdirdiyiniz kinokomediyalar, deyişmələr niyə xoşunuza gəlmir? "Milli Şura"ya sədr seçdiyiniz Rüstəm İbrahimbəyovun son deyimlərini məsxərə hədəfinə çevirmisiniz. Rüstəm İbrahimbəyov deyir ki, "əgər seçkilərdə iştirakım mümkün olmasa, digər sahələr üzrə fəaliyyətimizi davam etdirəcəyik". Müxalifət düşərgəsində bu fikrə bir qədər kəskin cavab veriblər. Necə deyərlər, öz liderlərinin ağzından vurublar ki, digər sahələrdə görüləcək işləri hakimiyyətin nəzarətində olmayan QHT-lər də başa çatdıra bilər. Kim nə deyir-desin, axır ki, qoca kinossenarist ənənəvi işlərinə qayıdacağına söz verdi. Əlbəttə, Bakıya dönəndən sonra. Bunun isə hələ də vaxtı-vədəsi bilinmir. Elə bil, bu etirafla Rüstəm İbrahimbəyov namizədlik şansına birdəfəlik son qoyub, həndəvərində dolaşanları məyus etdi: "Alın a, yana-yana qalın a, mən Rusiya vətəndaşıyam!"

Doğrudur, ilin seçki şanslarının Rüstəm İbrahimbəyovun Rusiya pasportunun güdazına getməsi müxalifət düşərgəsində o qədər də səs-küysüz qarşılanmır. Amma dəxli yoxdur, pasport da bir bəhanədir. Guya özünü müxalifət lideri sayanların hamısının ikili vətəndaşlığı var? Əlbəttə, yox! Sadəcə olaraq, bu seçki marafonunda rəqiblərinin - Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə güclü siyasi reytinqi, xalq arasında nüfuzlu olması onların rahatlığını pozur. Ona görə də xeyli tərədüddən sonra boykot taktikasını da seçmək istədilər. Özləri demişkən, yaranmış bu pat vəziyyətinə görə ilk növbədə, müxalifət liderləri cavabdehdir. Düz 20 ildir ki, belə "cavabdehlik" mübahisəsi davam etsə də, birləşmələr, ayrılmalar, görüşmələr, ən nəhayət, öpüşmələr səngimir ki, səngimir. Bir-birinə inamsızlıq o həddə çatıb ki, hətta "Milli Şura" çərçivəsində ən kiçik çaxnaşmalar dərhal kiməsə "etibarsız" yarlığı yapışdırmağa zəmin yaradır. Öz birliyinə nail ola bilməyən müxalifət hər bir uğursuzluğa görə Azərbaycan hakimiyyətini və cəmiyyətini günahkar sayır. Bir tərəfdən də şərt qoyurlar ki, seçkilərdə qələbə qazanmaq üçün namizədin nüfuzu və cəmiyyətdə tanınması vacibdir. Maraqlıdır, görəsən, belə şeylərdən də pay və sədəqə verirlərmi? Axı, bu vacib mənəvi dəyərləri, etimadı qazanmaq üçün hər kəsdə təpər və güc olmalıdır! Doğrudur, Rüstəm İbrahimbəyov kimlərləsə (lap ermənilərlə) müştərək kinossenari yaza bilər. Bəlkə rolları da öz dostları ilə istədiyi kimi paylaşar. Amma daha böyük iddialara düşmək, qoca yaşında ölkəni idarə etmək o qədər də asan deyil! Əgər Rüstəm İbrahimbəyov bu ölkəyə turist və səyyah kimi gəlib-gedirsə, xalq onu necə tanısın? Və ya öz dilini mükəmməl bilməyən adicə yazıçı ilə adamlar necə ünsiyyət qursun? Artıq əlini Rüstəm İbrahimbəyovdan üzənlər yeni lider axtarışındadırlar. Fərqli namizədlərin bir masa arxasında əyləşməsinə nə qədər cəhd etsələr də, hələ ki konkret seçimləri yoxdur. Daha doğrusu, iki yolun ayırıcındadırlar: boykot etsinlər, yoxsa uduzduqlarını etiraf!/azadinform/

Bütün xəbərlər Facebook səhifəmizdə