Elman Nəsirli: “ATƏT-in Minsk qrupu fəaliyyətində ciddi addımlar atmalıdır” AÇIQLAMA

“Hesab edirəm ki, ATƏT-in sədri, Ukrayna XİN rəhbərinin bu bəyanatı danışıqlar prosesinin dalana dirənməsinə işarədir”
Elman Nəsirli: “ATƏT-in Minsk qrupu fəaliyyətində ciddi addımlar atmalıdır” AÇIQLAMA

"Hesab edirəm ki, Ukrayna dövlətinin ATƏT-ə sədrliyi və həmin dövlətin Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı son bəyanatı bir daha onu təsdiqləyir ki, bu prosesin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması real görünmür". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər nazirinin (XİN) rəhbəri Leonid Kojaranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində atılan bütün addımların səmərə verməyəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Politoloq 1992-ci ildən bu yana ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyətini fəaliyyətsizlik kimi qiymətləndirir: "Bu gün Ermənistan və qondarma Dağlıq Qarabağ respublikasının rəhbərliyi elə bəyanatlar (Xocalı aeraportunun istifadə verilməsi ilə bağlı və s.) səsləndirir ki, bu da başlıca olaraq işğalçı ölkənin vaxt qazanmasına hesablanıb. Belə olan təqdirdə ATƏT-in Minsk qrupunun formatına yenidən baxılması məsələsi gündəmə gəlir. Dəfələrlə bu məsələ haqqında müzakirələr aparılıb. Faktiki olaraq müharibənin başlamamasının əsas uğurunu Minsk qrupu öz adına yazır. Guya ki, onların uğurlu fəaliyyəti müharibənin qarşısını alıb. Hesab edirəm ki, ATƏT-in sədri, Ukrayna XİN rəhbərinin bu bəyanatı danışıqlar prosesinin dalana dirənməsinə işarədir. Əgər doğurdan da həmsədr dövlətlər və onların başçıları regionda növbəti dəfə müharibə alovunun yanmasını, bölgədə sabitliyinin pozulmasını, siyasi kataklizmlərin baş verməsini istəmirlərsə, bu məsələdə çox ciddi addımlar atmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə