Bu gün bir qrup müxalifət partiyasının təmsil olunduğu "Demokratik Qüvvələrin Milli Şura"sının növbəti sessiyası keçirilib. Sessiyanın sonunda "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun namizədliyi səsə qoyularaq qəbul edilib. Beləliklə, Rüstəm İbrahimbəyov "Milli Şura"nın prezident seçkilərində vahid namizədi seçilib. Sessiyadakı çıxışında Müsavat Partiyasının başqanı İsa Qəmbər bəyan edib ki, Milli Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqında 4 yanvar qərarı qüvvədə qalacaq.
Qeyd edək ki, həmin qərara əsasən, İ. Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədidir.
Milli Şuranın bugünkü sessiyası və Müsavat başqanı İsa Qəmbərin bəyanatları ilə bağlı ölkə siyasətçilərinin fikirlərini öyrəndik.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli:
"İsa Qəmbərin sessiyadakı çıxışında maraq doğuran məqamlar olduqca çoxdur. Ümumiyyətlə, İsa Qəmbərin namizədliyini geri götürməməsi və Rüstəm İbrahimbəyovun namizədliyi barədə şübhə ilə danışması onun "Mill Şura"nın vahid namizədini dəstəkləmədiyi anlamına gəlir. Sadəcə olaraq indiki stiuasiyada belə bir qərar qəbul edib. İsa Qəmbər bütün gücü ilə çalışacaq ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasın və vahid namizəd kimi prezident seçkilərində iştirakı təsdiqlənsin. Hesab edirəm ki, İsa Qəmbər bütün prosesi bu məsələ üzərində quracaq".

Vəhdət Partiyasının sədri Tahir Kərimli:
"Milli Şura"nın bugünkü sessiyasının yekun qərarı göstərdi ki, bu qurumda İsa Qəmbərin nəinki fikiriləri, hətta rəyi belə nəzərə alınmır. Vaxtilə Müsavat başqanı "Milli Şura"nın nizamnaməsində Avro-Atlantik məkana inteqrasiya haqqında düzəlişin əks olunmasını istəsə də, onun bu təklifi Rüstəm İbrahimbəyovun adi bir məktubu ilə qəbul olunmadı. Bu, müxalifət liderlərinin nüfuzdan düşməsinin əyani göstəricisidir. Bununla yanaşı, İsa Qəmbər və "Milli Şura"ya daxil olan digər müxalifət partiyalarının sədrləri Rüstəm İbrahimbəyovun vahid namizəd olması ilə barışa bilmirlər. Çünki onlar illərlə müxalifətçilik hərəkatında olmalarına baxmayaraq, müxalifətdə olmayan bir şəxsin "Milli Şura" nın vahid namizədi olmasını qəbul edə bilmirlər. Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun kimliyi onlara tam aydın deyil. Onlar Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olub-olmadığını başa düşə bilmirlər. Əgər o Rusiya vətəndaşıdırsa, namizədliyi qeydə alınmayacaq. Belə olan təqdirdə də, Milli Şura namizədsiz qalacaq. Məhz bunu anlayan İsa Qəmbər seçkilərə vahid namizəd kimi gedəcəyinə ümid edir".

Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə:
"Vahid namizəd elan etmək hələ nə isə həyata keçirmək demək deyil. Onlar vahid namizəd irəli sürsələr belə, məğlubiyyət qaçınılmaz olacaq. Növbəti prezident seçkilərindən sonra o, olan-qalan hörmətini də itirəcək. İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcəyinə gəlincə isə, o heç vaxt "Milli Şura"nın vahid namizədinə güzəşt etməyəcək, çünki İsa Qəmbərin ambisiyaları ağlından daha çoxdur".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa:
"Demokratik qaydalar çərçivəsində hər bir cinahın prezident seçkilərində öz namizədini elan etmək hüququ var. "Milli Şura" da bu hüquqdan istifadə edib. Azərbaycanda bütün cinahlar öz namizədlərini irəli sürsün ki, seçki demokratik şəkildə keçirilsin. İsa Qəmbər "Milli Şura" nın vahid namizədi olmasa da, Azərbaycan vətəndaşı olaraq seçkilərə namizəd kimi qatıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB