“Erməni işğalının nəticələri” Belarusiyada FOTO

“Erməni işğalının nəticələri” Belarusiyada FOTO

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti Belarusiya Respublikasına səfər edib. Belarusiyanın Qrodno şəhərində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili" layihəsi çərçivəsində "Erməni işğalının nəticələri" adlı konfrans keçirilib.

BDM-dən SİA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev Azərbaycanın tanıtımı istiqamətində həyata keçirilən layihə haqqında iştirakçılara geniş məlumat verib. Sonra BDM-in sədr müavini Samir Adıgözəlli erməni işğalının nəticələri haqqında məruzə ilə çıxış edib.

Daha sonra çıxış edən Qrodno Azərbaycanlıları Konqresinin sədri Namiq Vəliyev Azərbaycan diasporunun bu bölgədəki fəaliyyəti və erməni yalanları ilə mübarizə istiqamətində görülən işlər haqqında danışıb. Tədbirin qonaqlarından olan Belarusiya Parlamentinin deputatı, Aqrar Universitetin rektoru Pestis Vitold Kazimiroviç Belarusiya– Azərbaycan dostluq əlaqələrindən danışaraq belə bir konfransın Qrodnoda keçirilməsini yüksək qiymətləndirib. Konfransda BDM-in Avropa təmsilçiliyinin rəhbəri professor Azər Kərimov çıxış edərək, Avropa və Şərqi Avropa ölkələrində diasporumuzun təşkilatlanması istiqamətində görülən işlər haqqında danışıb.

Konfrans iştirakçılarından "Zeqam" şirkətinin direktoru Marina Lyontevna, BDM-in Qrodno nümayəndəliyinin rəhbəri Sərdar Oğuz , Qrodno vilayətinin baş ankoloqu Drovskiy Nikolay Vasiloviç, iş adamı Camal Nağıyev və başqaları öz çıxışlarında Azərbaycan xalqının dost və mehriban münasibətindən, ölkələrarası sıx əməkdaşlıq əlaqələrindən danışıblar.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair film nümayiş etdirilib və erməni işğalının nəticələri ilə bağlı rus dilində hazırlanmış buklet konfrans iştirakçılarına paylanıb.

Konfransda həmçinin, iştirakçılar adından bu il keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul olunub.

Konfransın sonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə ziyafət təşkil edilib.

Qeyd edək ki, BDM nümayəndə heyəti səfər çərçivəsində sabah Brest şəhərində bir sıra görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə