Əli Həsənov: “İlham Əliyev seçkinin deyil, bu nəslin gələcəyini düşünür!”
"Azərbaycan sözün həqiqi mənasında həm regionun, həm də dünyanın ciddi amilinə çevrilib. Artıq dünya ölkələri Azərbaycan və onun maraqları ilə hesablaşırlar. Azərbaycansız regionda heç bir layihə həyata keçirilmir. Bu gün prezident İlham Əliyev Azərbaycan dövlətinin ali maraqlarının ifadəçisidir. Dövlət başçısının Azərbaycanın milli maraqlarının qorunması sahəsində nümayiş etdirdiyi müstəqil siyasət çoxlarının xoşuna gəlmir. Buna görə də Azərbaycana qarşı müəyyən bloklar qurmağa çalışırlar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının bu gün keçirilən hesabat konfransındakı çıxışında deyib.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan iqtidarının xalqın qarşısında öhdəliyi, ölkə başçısı İlham Əliyevin isə xalq qarşısında andı var: "Azərbaycan prezidenti dövlətin müstəqilliyinin, xalqın təhlükəsizliyinin qarantıdır. Azərbaycan hakimiyyəti milli maraqlardan və hisslərdən kənarda qala bilməz. Biz hər xırda məsələdə belə Azərbaycan xalqının mənafeyini, rəyini nəzərə alırıq. Ola bilsin, bəzən bu qərarlar, müxtəlif məsələlərə dair mövqeyimiz bəzi qonşu dövlətlərin, yaxud beynəlxalq güclərin xoşuna gəlmir. Çünki biz milli maraqlara zidd, kimlərinsə mənafelərinə uyğun danışa bilmərik. İndiki hakimiyyət milli hakimiyyətdir".
Administrasiya rəsmisi vurğulayıb ki, Azərbaycan müxalifəti milli maraqlardan, millilikdən uzaqlaşıb: "20 ildir ki, müxalifət Azərbaycan dövlətinə və dövlətçiliyinə müxalifətçilik etmək istəyir. Müxalifət öz məqsədlərinə nail olmaq, hakimiyyətə gəlmək üçün istənilən blokla əməkdaşlığa getməyə hazırdır. Təki onların hakimiyyət ehtirasları təmin olunsun. Azərbaycan dövlətinə qarşı beynəlxalq aləmdən gələn təzyiqlərə müxalifət dəstək verir. Bugünkü müxalifət mediasında "Azərbaycan hakimiyyəti küncə sıxışdırılıb" başlıqlı məqalə yer alıb. Yazıda qeyd olunur ki, guya müəyyən qüvvələr Azərbaycan hakimiyyətinə təzyiq etməklə hansısa bir bloka cəlb etməyə çalışır. Müxalifət hakimiyyətə gəlmək üçün Azərbaycan prezidentinin milli iradəsini dəstəkləmək əvəzinə, hər şeyin üzərindən keçməyə hazırdır. Hazır olduğuna görə 20 ildir onlar müxalifətdədir. Bu gün öz maraqlarını xalqın, seçicilərin maraqları üzərində qurmadıqlarına görə, Azərbaycan müxalifəti xaricdən özünə dayaq axtarır. 1993-cü ilin iyun ayının 3-də onların üç ali rəhbərlərindən biri bəyan etmişdi ki, "Biz Azərbaycan hakimiyyətində elə oturmuşuq ki, bütün xalq bizim üzərimizə gəlsə, hakimiyyətdən getməyəcəyik". Amma, bu bəyanatdan bir həftə sonra Azərbaycan xalqı onlara öz yerini göstərdi. Hələ də bunlara dərs olmayıb ki, xalqa, onun iradəsinə söykənməyən heç bir siyasət və siyasətçi müvəffəqiyyət qazana bilməz. Xalqa söykənməyin nümunəsi İlham Əliyevdir. Xalqa söykənməyin nümunəsi və xalqın maraqlarını ifadə edən partiya Yeni Azərbaycan Partiyasıdır. Bu gün həmin partiyaların heç biri nə danışıqlarının, nə hərəkətlərinin, nə də siyasətlərinin məsuliyyətini daşımırlar. Yalnız populist şəkildə növbəti seçkilərdə uğur qazanmaq istəyirlər. Prezident İlham Əliyev seçkiqabağı kampaniya aparmayacaq. Ona görə ki, İlham Əliyev seçkinin deyil, bu nəslin gələcəyini düşünür. Seçkinin gələcəyini Azərbaycan xalqı müəyyən edəcək. İlham Əliyevin düşüncəsi millətimizin gələcəyidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB