Siyasi Şərhçi: “İranın bütün siyasəti Azərbaycana qarşı yönəlib” AÇIQLAMA

Siyasi Şərhçi: “İranın bütün siyasəti Azərbaycana qarşı yönəlib” AÇIQLAMA

"İran etibarsız dövlətdir. Adıçəkilən ölkənin siyasəti bütövlükdə Azərbaycana qarşı yönəlib". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin həbsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

E. Mirzəbəylinin sözlərinə görə, ölkəmizin müstəqillik qazandığı ilk günlərdən İran Azərbaycana qarşı bu siyasəti davam etdirib: "Bu tarixi düşmənçilik, Fars rejiminin azərbaycanlılara qarşı tutduğu mövqedən asılıdır. Hər hansı bir addımı atmağımızdan asılı olmayaraq, İran bütün hallarda özünə və azərbaycanlılara qarşı düşmən siyasətini həyata keçirəcək. Müharibə şəraitində rəsmi İran tərəfi Ermənistanı hərtərəfli təmin edirdi və faktiki olaraq düşmən ölkənin Azərbaycan ərazilərini işğal etməsində onlara bilavasitə dəstək olurdu. Həmin proses indi də davam etdirilir. Bu baxımdan İran səmimi qonşuluq siyasəti yürüdən dövlət deyil ki, ona etimadlı münasibət bəsləyəsən. Azərbaycan ziyalılarının girov götürülməsində isə əsas məqsəd ölkə ziyalılarının gözünü qorxutmaq idi. Söhbət yalnız İrana səfər edən ziyalılardan yox, eləcə də burada olan insanlardan gedir. Bununla da İran tərəfi Azərbaycanın elm, mədəniyyət adamlarını əsas hədəf seçib. Xalidə Xalidin həbsini bu müstəvidən dəyərləndirirəm. O, siyasətlə məşğul olmayan, bu proseslərə müdaxilə etməyən, İran-Azərbaycan münasibətləri ilə bağlı hər hansı fikir səsləndirməyən insandır".

Bütün xəbərlər Facebook səhifəmizdə