Elman Nəsirli: “Aİ parlamentariləri “persona non-qrata” elan edilməlidir"

Elman Nəsirli: “Aİ parlamentariləri “persona non-qrata” elan edilməlidir"

"Aİ-dən olan deputatlar işğal olunmuş ərazilərimizə gəlirlərsə, Azərbaycan hakimiyyətinin bundan xəbəri olmalıdır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Aİ-dən olan deputatların işğal olunmuş Azərbaycan torpaqlarına səfər etmələri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dünya birliyi, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazisini 86.6 min kv.km çərçivəsində, yəni 4.4 min kv.kmlik Dağlıq Qarabağ ərazisini də ölkəmizin tərkibində tanıyıb: "Dağlıq Qarabağın Azərbaycan ərazisi olmağını hüquqi baxımdan onlar qəbul ediblər. Yəni "De-fakto", "de-yure" tanıyıblar. Belə olan vəziyyətdə Azərbaycanın icazəsi ilə bu və ya digər ərazilərə səfərlər etmək olar. Amma nəzərə alsaq ki, Dağlıq Qarabağda seperatçı rejim hakimiyyətdədir, həmin separatçılar Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı yeddi rayonumuzu işğal altında saxlayırlar. Hesab edirəm ki, Azərbaycanın icazəsi olmadan Aİ kimi nüfuzlu təşkilatın işğal olunmuş ərazilərimizə səfərlər təşkil etmələri beynəlxalq hüquqa zidddir. Bu addım eyni zamanda münaqişənin həlli imkanlarına da mənfi təsir göstərir".

Politoloq vurğulayıb ki, Aİ hər zaman münaqişənin həllində olduqca maraqlı tərəf olduğunu vurğulasa da, bunu əməldə göstərməyib: "Ümumiyyətlə Aİ münaqişənin həllində maraqlıdırsa, bu kimi hərəkətlərə yol verməməlidir. Belə səfərlərin təşkili nəticə etibarilə, həm Azərbaycan-Aİ münasibətlərinin inkişafına xələl gətirir, həm də münaqişənin həlli imkanlarını buxovlayır. Halbuki Azərbaycan tərəfi Aİ-ni münaqişənin həllində vasitəçi qismində görmək istəyirdi. Hesab edirəm ki, belə addımlar Azərbaycanın bu yanaşmasına xələl gətirir.

E.Nəsirlinin sözlərinə görə, belə hallarda Azərbaycan xarici işlər nazirliyi həmin gələn şəxsləri "persona non qrat" (arzuolunmaz şəxs) elan etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə