Bu gün şimal-qərb və aran bölgəsinin gəncləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirdiyi "Region gəncləri Ulu Öndər Heydər Əliyev irsini öyrənir" layihəsində iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, gənclər ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

YAP Ağdam rayon GB-nin sədri Amil Cavadov:
Yeni Azərbaycan Partiyası icra katibliyinə və YAP GB-nin rəhbərliyinə Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq keçirdiyi bu tədbirə görə təşşəkkürümü bildirirəm. Bu tədbiri bir gənc olaraq yüksək qiymətləndiririəm. Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün etdiyi xidmətlər çox böyükdür. XX əsrdə adını siyasi tarixə əbədi həkk etdirmiş dahi şəxsiyyətin irsinin öyrənilməsi müasir Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu layihə vasitəsi ilə gənclərimiz paytaxta gələrək Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında geniş biliklər öyrənirlər. Bu zəngin irsin öyrənilməsi gənclərin gələcək nailiyyətlərində əsaslı bir təməl prinsipi təşkil edəcək.
Sonra layihə iştirakçıları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

YAP Mingeçevir şəhər GB-nin sədri Samirə Hacıyeva:
YAP GB-nin təşkil etdiyi ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı layihədə iştirak etməyimizdən çox şadıq. Region gəncləri olaraq layihənin işini çox yüksək qiymətləndiririk. Layihə vasitəsi ilə region gənclərimiz Ümummilli liderimiz Heydər Əliyevin irsini öyrənir. Bu gün gənclərimiz fəxr edirlər ki, məhz Ulu öndər Heydər Əliyev yolunun, siyasi xəttinin davamçılarıdırlar. Mingeçevir gəncləri olaraq Yeni Azərbaycan Partiyasının sədri möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Onun həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirik. Qarşıdan gələn seçkilərdə qələbə qazanacağımıza əminik.
Daha sonra gənclər Heydər Əliyev Fondunda olublar. Ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir. Gənclər Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər. Ziyarətçilər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə də baxıblar.
Bundan sonra isə gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olublar, onlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Layihənin davamı olaraq Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla görüşüblər. Görüşdə ilk olaraq YAP GB-nin sədri Seymur Orucov layihə haqqında məlumat verərək bildirib ki, YAP GB Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlərə start verib: "Bu gün həmin silsilə tədbirlərdən biri, region gəncləri ilə partiyamızdan Milli Məclisə deputat seçilmiş Eldar İbrahimovun görüşü baş tutur. Eldar İbrahimov Azərbaycanın çətin vaxtlarında, partiyamız yeni yaranan zaman idarə heyətinin üzvü olub. O, Ulu öndər Heydər Əliyevlə Azərbaycanın ağır zamanında birlikdə çalışıb. Ona görə də biz çalışdıq ki, gənclərimiz E.İbrahimov kimi şəxsin təcrübəsini, onun Ümummilli liderimizlə bağlı xatirələrini dinləsinlər. YAP GB-nin bu silsilə tədbirləri Ulu öndərin 90 illik yubileyinə qədər davam edəcək".
Gənclərin görüşünə gələn millət vəkili E.İbrahimov regionlardan paytaxtımıza gəlmiş gənclərlə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: "Gənclərlə görüşmək hər zaman qürurvericidir. Çünki gənclər bizim gələcəyimizdir. Mən hələ gənc yaşlarımdan tarixi şəxsiyyət olan Ulu öndər Heydər Əlievin pərəstişkarı, heyranı idim. Hər zaman onunla görüşəcəyim anın xəyalı ilə yaşayırdım. 1982-ci ildə belə bir imkan yaransa da, ancaq son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri qalan arzum reallaşdı. Bildiyiniz kimi, həmin ilin iyul ayında Heydər Əliyev keçmiş hakimiyyət tərəfindən Bakıda yaşamağa imkan verilmədiyindən öz döğma elinə-obasına, Naxçıvana gəldi. Həmin vaxtlar da o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər və təzyiqlər mövcud idi, yəni, Heydər Əliyevlə görüşmək böyük risq tələb edirdi, qorxulu idi. Düzünü desəm, bunları göz önünə gətirib mən özüm də bir qədər fikirləşirdim, tərəddüd, götür-qoy edirdim, çünki yenə deyirəm, hələ SSRİ dövrü idi, mən isə yüksək vəzifə sahibi idim. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər Əliyevə olan məhəbbətim, bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim və bir gün gedib Heydər Əliyevlə görüşdüm. Görüşdüm, özümü təqdim etdim, ordan-burdan da bir xeyli söhbətləşdik. Dedi ki, Eldar, sən qorxmadın mənimlə görüşməyə gəldin? Dedim ki, yox, niyə qorxuram ki?! Ulu öndər onunla görüşdüyüm üçün məni işdən azad edə biləcəklərini də dedi. Cavab verdim ki, yoldaş Heydər Əliyev, dünyada ömür müvəqqətidir, o ki qala vəzifə! Mən bu vəzifəyə girəndə çıxacağımı da gözümün qarşısına almışam. Mən qorxaq adam deyiləm. Siz bizim xalqımızın böyük, dahi oğlusunuz, mənim bir insan kimi haqqım yoxdur ki, sizinlə görüşə gəlməyəm. Hətta dedim ki, bəlkə də başqa birisi olsaydı, gəlməyə bilərdim, amma mən naxçıvanlıyam, qeyrətim yol verməz ki, sizin kimi şəxsiyyətin görüşünə gəlməyim. Bununla yanaşı qeyd etmək istəyirəm ki, Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərin yaxın dostu olub. Təsadüfi deyil ki, Ümummilli liderimiz gənclərə olan qayğısı və xüsusi diqqətilə hər zaman seçilib. Məhz Ulu öndər Bakıya qayıtdıqdan sonra Ali sovetdə ilk dəfə gəncləri topladı və onlara öz tövsiyələrini verdi. Bu gün gənclərə qayğı və diqqət Ümummilli liderin layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra görüş səmimi diskussiya formasında qarşılıqlı fikir mübadiləsi şəklində davam edib. Gənclər öz təkliflərini, problemlərini millət vəkilinə çatdırıblar. E.İbrahimov da öz növbəsində gənclərin problemləri və təklifləri ilə yaxından maraqlandı. Onların həyata keçməsi üçün səy göstərəcəyini vurğuladı. Gənclərə ölkənin ictimai-siyasi həyatında fəal olmağı tövsiyyə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB