“Heydər Əliyevin elmi irsi: nəzəriyyə və təcrübə” ikicildlik kitabının təqdimatı keçirilib YENİLƏNİB-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Zahid Qaralovun müəllifi olduğu "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" ikicildlik kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, Milli Məclisin sədr müavinləri Bahar Muradova, Ziyafət Əsgərov və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov kitabın ölkəmiz üçün mühüm rol oynadığını bildirib: "Bu kitab dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Bu günə kimi Azərbaycanda bir çox kitablar nəşr olunub. Ümid edirəm ki, bundan sonra da dahi şəxsiyyət Heydər Əliyev irsinə həsr olunmuş dəyərli əsərlər yazılacaq. Mən Ulu öndər haqqında yazılan hər bir kitabı yüksək dəyərləndirirəm. Bu əsərlərin hər biri onun şəxsiyyətinə hörmətin bariz nümunəsidir. Ulu öndər haqqında kitab yazmaq böyük məsuliyyət tələb edir. Güman edirəm ki, dahi şəxsiyyət haqqında kitab yazan hər bir şəxs bu məsuliyyəti dərk etməlidir. Bu mənada professor Zahid Qaralov artıq Ümummilli lider haqqında kitab yazmaq haqqını qazanmış şəxslərdən biridir. Hesab edirəm ki, Z.Qaralovun dahi şəxsiyyət haqqında yazmış olduğu bütün əsərlər o cümlədən ikicildlik "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" kitabı ümummilli liderə böyük hörmətin və ehtiramın dərin ifadəsinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və öyrədilməsi Azərbaycanın dövlətçiliyinə və dövlətçilik tarixinə, bu gün həyata keçirilən Heydər Əliyev siyasətinə hörmətin və ehtiramın ifadəsidir. "Heydər Əliyevin elmi irsi" adlı kitab Azərbaycan dövlətçiliyi və tarixi baxımından əhəmiyyət kəsb edən əsərdir. Bu kitab gələcək nəsillərin milli ruhda böyüməsinə, dövlətçilik ənənələrinə sadiq qalmasına öz tövfəsini verəcək".
Daha sonra çıxış edən Zahid Qaralov qonaqlara müəllifi olduğu kitab haqqında ətraflı məlumat verib: "Dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı prezident İlham Əliyevin verdiyi fərman YAP-da, bütövlükdə isə Azərbaycanın hər bir yerində yüksək əhval-ruhiyyə ilə qarşılanıb və bununla bağlı silsilsilə tədbirlər həyata keçirilir. Mən əvvəlcə nəyə görə, məhz "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" ikicildlik kitabını yazmamın səbəbini sizlərə bildirmək istərdim. Bu mənim dahi şəxsiyyət haqqında dördüncü kitabımdır. İlk kitabım, "Hər dövrün bir kitabı var" adlanır. Bu kitab məhz Ümummilli lider Naxçıvan Muxtar Respublikasında olan zaman yazılıb. O dövrdə fəaliyyət göstərən "SƏS", "İki Sahil", "Naxçıvan" və sonradan "Yeni Azərbaycan" qəzeti də bu istiqamətdə çox yazılar dərc etdilər. "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" ikicildlik kitabının təqdimat mərasiminə gəlincə isə bu təqdimat dahi şəxsiyyət Heydər Əliyev irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır. Biz nəzərdə tutumuşuq ki, kitabı Azərbaycan dilində hazırlayaq və başqa dillərə tərcümə edək ki, mümkün qədər dost ölkələrin hamısında yayılsın. Artıq kitabın türk dilinə tərcüməsi başlanılıb. Əsərin məzmunu təxminən Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti, münasibətlər sisteminin, eləcə də onun quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir. Kitabın adından da göründüyü kimi burada ciddi nəzəri müddəalar meydana gəlib".
YAP İdarə Heyətinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov isə deyib ki, dahi şəxsiyyətin xalqına, dövlətinə, millətinə göstərdiyi xidmətlər, daşıdığı ailə prinsiplərinə aid yazılan kitablar heç bir zaman dəyişməyəcək: "Dövləti olmayan xalq müti bir xalqdır. Bu mənada milli dəyərlər, tarixi şəxsiyyətlər qorunmalıdır. Çünki onlar bu dövlətin qorunmasında, qurulmasında ömürlərini sərf ediblər".
Sonra ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev bildirib ki, Heydər Əliyevin xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə olan münasibəti əbədi olacaq: "Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub. Azərbaycanı dünyada dahi şəxsiyyət Heydər Əliyev qədər tanıdan şəxs olmayıb".
Çağ Öyrətim İşlətmələri" şirkətinin prezidenti Ənvər Özərən isə ümummilli liderin təhsilə olan qayğısından bəhs edib: "Ulu öndər Heydər Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsillə bağlı ilk dəfə Türkiyə ilə müqavilə imzalayaraq "Çağ" məktəblərinin ilk xeyir-duasını verən şəxs olub. Heydər Əliyevin təhsilə verdiyi qiymət hər zaman bizə dəstək olub, bizi daha məsuliyyətlə çalışmağa sövq edib".
Sonra millət vəkili Tahir Rzayev, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Elmira Həsənqızı çıxış edərək kitabla bağlı dəyərli fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB