Bahar Muradova: "Belə tədbirlərin Azərbaycanda keçirilməsinin ciddi əsasları var"

Bahar Muradova: "Belə tədbirlərin Azərbaycanda keçirilməsinin ciddi əsasları var"

"72 ölkənin 300-dən artıq partiyalarını birləşdirən bir qurumun qadınlar qolunun ilk iclasının məhz Azərbaycanda keçirilməsi bizim qadınlarımızın siyasətdə rolunun və təsirinin göstəricisidir. Bugünkü faktla bunu bir daha sübut etmək olar". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Asiya Siyasi Partiyalarının (İCAPP) Qadınlar Qolunun ilk iclasının Bakıda keçirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tədbir Asiya Siyasi Partiyalarının 3-cü layihəsidir: "Azərbaycan bu təşkilata Yeni Azərbaycan Partiyasının timsalında daxil olub. Bu beynəlxalq tədbirlə yanaşı, yay aylarında İCAPP gənclərinin festivalı keçiriləcək. Ölkəmiz həmin tədbirə də ev sahibliyi edəcək. Azərbaycanın hər hansı beynəlxalq təşkilata üzvlülüyü ölkəmizin maraqlarının, həqiqətlərinin bu təşkilatın tribunasından səsləndirməsi vacib amillərdən biridir. Azərbaycanın belə təşkilatlara üzv olması həmin təşkilatların özünə xeyirdir. Bu təşkilatların işinin sürətlənməsində mühüm əhəmiyyət kəsb edir. Həmin təşkilatlar Azərbaycanın timsalında çox fəal, müassir, eyni zamanda dünyanı təhdid edən təhlükələrə qarşı öz mövqeyini ortaya qoyan üzv ölkə əldə edir. Bu işlər qarşılıqlı olaraq bir-birini şərtləndirir. Tərəflər bir- birinin fəaliyyətindən razı qalırlar. Son zamanlar beynəlxalq aləmdə qazandığımız uğurlar həm də Azərbaycanın Asiya ölkələrinə yönəlik siyasətinin müsbət nəticəsinin bariz nümunəsidir. Buna görə də belə tədbirlərin Azərbaycanda keçirilməsinin ciddi əsasları var. Bu tədbir təşkilatın işində özünəməxsus yer tutacaq. Bu təşkilatın çərçivəsində Azərbaycanda siyasətlə məşğul olan qadınlar öz imkanlarını dünyanı narahat edən məsələlərin həllinə yönəldəcək".

Qeyd edək ki, tədbirdə 25 ölkədən 50-dən artıq nümayəndə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə