Musa Quliyev: “Minsk qrupunun fəaliyyətinə xitam verilə bilər”

Musa Quliyev: “Minsk qrupunun fəaliyyətinə xitam verilə bilər”

ATƏT-in Minsk qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa yönəlib. Bunu SİA-ya millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi ermənilərin işğalçılıq siyasətinə dəstək nümayiş etdirməkdir: "Bu günə kimi ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün ortaya konkret mövqe qoymayıb, bir söz deməyib. Əgər həmsədrlər Azərbaycanın ərazi bütövlüyünün tanınmasında maraqlı deyillərsə onlardan heç nə gözləməyə dəyməz. Münaqişənin həlli üçün Azərbaycan dövlətinin güclənməsinə və xalqımızın birliyinə güvənməliyik. Regionda müəyyən güclərin maraqları var. ATƏT-in Minsk qrupu regionda həmin maraqları təmin etməyə çalışır. Yəni bu qədər müddətə barışdırıcı missiyaya, münaqişənin həllinə nail ola bilməyən bir qrumun yaşaması mənasızdır. Ümummilli lider Heydər Əliyev bir neçə il bundan öncə demişdi ki, "ATƏT-in Minsk qrupu bığlı, saqqallı oğlandır. Onun evlənmə vaxtıdır". Amma ATƏT-in Minsk qrupu vaxtında evlənsəydi övladları məktəbə gedərdi. Ümumiyyətlə, həmsədrlərin regiona nə üzlə gəldiyinə təəccüblənirəm. İnsan utanmalıdır. Necə boş-boşuna səfərlər edə, vədlər verə bilirlər, özləri də buna inanırlar. Həyası olan şəxs regiona belə səfərlər etməməlidir".

Millət vəkili ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məsələyə də münasibət bildirib: "Azərbaycan hökuməti prinsipcə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar verə bilər. Amma bu zaman münaqişənin həlli ilə məşğul olan alternativ qrumun yaradılması lazım gəlir. Ancaq məsələ ATƏT-in Minsk qrupunun buraxılmasından getmir. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələ güc sahibi olan iki dövlətin rəyindən gedir. Son hadisələr göstərir ki, Qafqaz regionu ABŞ-ın maraq dairəsində deyil. Gürcüstanda baş verən son hadisələr də göstərdi ki, ABŞ çətin vəziyyətdə öz tərəfdaşlarını dəstəkləmir və qorumur. Rusiyanın isə son vaxtlar imperialist maraqlarının qabarması və Azərbaycanı Gömrük İttifaqına daxil etmək istəməsi göstərir ki, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Rusiya da yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunsa Qafqazdan getməlidir. Çünki Rusiyanı Qafqazda saxlayan yeganə maraq Ermənistandır. Ona görə də Azərbaycan məqamı gözləməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə