Əli Həsənov: “Biz mediasız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmirik"

Əli Həsənov: “Biz mediasız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmirik"

"Artıq 4 ildir ki, biz Yeni il və Novruz bayramlarında ildə iki dəfə fərdi jurnalist müsabiqələrinin təqdimatına toplaşırıq. Bu, Azərbaycanda artıq bir ənənə halını alıb. SİA-nın məlumatına görə, bu gün Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı söyləyib.

Ə.Həsənovun sözlərinə görə, burada məqsəd təkcə jurnalistlərin daha yaxşı yazı nümunələrini təqdim edib onlara pul mükafatlara vermək deyil, eyni zamanda, media nümayəndələrini bir araya gətirərək onlar arasında yeni bir ünsiyyət növü yaratmaqdır: "Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və 1998-ci ildən bu günə qədər Azərbaycanda davam edən azad media mühiti, siyasi plüralistik cəmiyyət quruculuğu bu gün də müvəffəqiyyətlə öz işini davam etdirir. Əminəm ki, media işçiləri indiyə qədər olduğu kimi, bundan sonra da bu demokratik dövlət, cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər. Biz mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmirik".

PA rəsmisi sonda birdaha tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə