ABŞ Konqresində “Cənub dəhlizi”

ABŞ Konqresində “Cənub dəhlizi”

ABŞ Konqresində Türkiyə Araşdırmaları üzrə Konqres Qrupu (Congressional Study Group on Turkey) çərçivəsində "Cənub Dəhlizi" layihəsi ilə bağlı işçi nahar formatında müzakirələr keçirilib. Bu barədə SİA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Moderatorluğunu Atlantik Şuranın direktoru, ABŞ-ın Türkiyə və Azərbaycandakı keçmiş səfiri Ros Vilson (Ross Wilson) etdiyi müzakirələrdə səfir Elin Süleymanov, Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Timur Söyləməz, Dövlət katibinin Enerji diplomatiyası üzrə köməkçisinin müavini Amos Hochstein, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Kori Qardner (Cory Gardner ) (R-CO), Donna Edwards (Donna Edvards) (D-MD) çıxış edib.

İlk çıxış edən D.Edvards ABŞ-ın müttəfiqi olan Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminində Xəzər regionun enerji resurslarının əhəmiyyətindən danışıb. Digər konqresmen K.Qardner ABŞ-ın hazırda qaz idxal edən dövlət kimi qlobal enerji bazarında qaz ehtiyatlarının şaxələndirilməsini nəzərdə tutan siyasi xəttə üstünlük verməsinin vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Elin Süleymanov gündəmdə olan enerji layihələrinin hazırkı durumu barədə məlumat verərək, bu layihələr üçün uğurlu nümunə rolunu oynayan Bakı-Tiflis-Ceyhan boru kəmərinin reallaşmasının region dövlətlərinin - Azərbaycan, Gürcüstan və Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığı və Klinton Administrasiyasının siyasi dəstəyi sayəsində ərsəyə gəldiyini bildirib. E.Süleymanov hazırda dünya enerji bazarının mövcud reallıqları və tendensiyaları nəzərə alınaraq, Azərbaycanın enerji siyasətində qaz ehtiyatlarının nəqlinin reallaşdırılmasının prioritet olduğunu qeyd edib. Bu xüsusda, Şahdəniz və TANAP layihələrinin "Cənub dəhlizi"nin əsas elementləri olduğunu diqqətə çatdırıb.

E.Süleymanov regional əməkdaşlığın inkişafına münbit şərait yaradan enerji layihələrinin reallaşmasının Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanın da tranzit dövlətlər kimi strateji önəminin artmasına təkan verdiyini vurğulayıb.

Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Timur Söyləməz Türkiyənin enerji siyasətinin prioritetlərindən bəhs edərək, enerji resursları yollarının şaxələndirilməsinin əsas yer tutduğunu qeyd edib. Bu xüsusda, Türkiyənin digər sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycanla nümunəvi tərəfdaş münasibətə malik olduğunu qeyd edib. T.Söyləməz həmçinin Türkiyənin dünya enerji bazarında mövqeyinin dərinləşdirilməsi niyyətində olduğunu diqqətə çatdırıb.

Müzakirələrdə çıxış edən A. Hochstein qlobal anlamda hazırda enerji asılılığının tamamilə aradan qaldırılmasının praktik cəhətdən mümkünsüz olduğunu, bu səbəbdən enerji nəqli yollarının diversifikasiyasının ABŞ hökuməti üçün önəmli olduğunu qeyd edib. A. Hochstein ABŞ Administrasiyasının "Cənub dəhlizi", eləcə də TANAP layihəsinə böyük önəm verdiyini qeyd edərək, bununla avropalı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmini siyasətinə sadiqliyini nümayiş etdirdiyini deyib. Bu xüsusda, Azərbaycan və Türkiyə ilə ənənəvi etibarlı tərəfdaşlığın davam etdirildiyini əlavə edib. Azərbaycanın zəngin enerji ehtiyatlarının nəqlində Türkiyənin rolu, ümumilikdə isə hər iki dövlətin ABŞ-ın müttəfiqi olan Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminində əhəmiyyətinin yüksək qiymətləndirildiyini bildirib.

Tədbirin sual-cavab hissəsində BP-nın Vaşinqton Ofisinin Beynəlxalq əlaqələr üzrə direktoru Qreq Saunders şərhində Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradəsinin TANAP-la bağlı qərarın verilməsində öz əksini tapdığını bildirərək, Azərbaycanın etibarlı müttəfiq imicinə sadiqliyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Tədbirdə ABŞ Dövlət Departamenti və Enerji Nazirliyinin rəsmiləri, diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, analitik mərkəzlərin nümayəndələri, konqresmenlər və staferləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə