Əli Həsənov: "Sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək”

Əli Həsənov: "Sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək”

"Azərbaycan prezidenti İlham Əliyev də gəncdir, ona görə də Azərbaycanda idmana, gəncliyə, sağlamlığa, əhval ruhiyyəyə, gözəlliyə bu qədər diqqət ayrılır". SİA-nın xəbərinə görə, bunu Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, 2 fevral - Gənclər Gününün təməlini Ulu öndər Heydər Əliyev qoyub: "1997-ci ildə Heydər Əliyevin təsdiq etdiyi gündən başlayaraq hər il Azərbaycanın ən layiqli, xalqını ölkədə və ölkənin sərhədlərindən kənarda təmsil edən ən istedadlı gəncləri təltif edilir. Mən bütün Azərbaycan gəncliyini təbrik edirəm. Qoy, onlar bu gün Azərbaycan dövlətinin, prezident İlham Əliyevin onlara yaratdığı şəraitdən istifadə edərək, bizdən bir neçə addım irəli getsinlər, zirvəyə qalxsınlar və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər".

PA rəsmisi Azərbaycan gəncliyinə inandığını və ölkənin inkişafına stimul verəcəyini də qeyd edib: "Bu zalda toplanan gəncliyə baxanda adam inanır ki, sözün həqiqi mənasında belə də olacaq və bundan sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək".

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, Azərbaycan gənc bir dövlətdir və gənclər də bu ölkənin aparıcı qüvvəsidir. O qeyd edib ki, Azərbaycan əhalisinin böyük hissəsini - 66 faizini gənclər təşkil edir. Ölkədə aparılan gənclər siyasətini Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini vurğulayan Rəhimov bildirib ki, dövlət başçısı tərəfindən gənclərin həyatında vacib olan layihələr dəstəklənir.

2012-ci il ərzində Azərbaycan gənclərinin bir çox böyük nailiyyətlər əldə edildiyini qeyd edən Azad Rəhimov 2013-cü ildə də bu uğurların davamının olacağını bildirib.

Qeyd edək ki, tədbirdə ötən il ərzində müxtəlif sahələr üzrə xüsusi fərqlənən gənclər təltif olunub.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə