Azərbaycan üçün 2012-ci il bütün sahələrdə uğurlu olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçildi və ilk dəfə olaraq BMT TŞ-na sədrlik etdi. Bütün bunlar dünya azərbaycanlıları üçün qürurverici haldır.
Qəbələ RLS-in fəaliyyətinin dayandırması məsələsinə də toxunan plitoloq bildirdi ki, Qəbələ RLS-in fəaliyyətinin dayanması təkcə 2012-ci ilin deyil, bəlkə də 10 illiyin uğurudur: "Bəzi destruktiv qüvvələr, ermənilər və onları tərəfkeşlərinin fikrincə, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan-Rusiya münasibətlərin pisləşdirib, hətta müharibə səviyyəsinə qədər gərginləşdirəcəkdir. Onlar nəzərə almalıdırlar ki, Rusiyanın marağı olsaydı, ən azı, bu mövzuda Azərbaycanla dialoqu davam etdirərdi. Təsadüfi deyil ki, son bir neçə ayda heç bir Rusiya rəsmisi bu mövzudan ötrü Azərbaycana səfər etməyib və ya Azərbaycan səlahiyyətlilərini Rusiyaya dəvət etməyib. Rusiya xarici işlər nazirinin Qəbələ RLS-in fəaliyyətini dayandırmaqla bağlı notasından iki gün öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Moskvada idi və Moskvanın xahişi ilə o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun namizədliyini MDB Müdafiə Nazirlərinin Şurasının sədrliyinə təqdim etdi. Bu, özü bir işarəverici hadisədir. Rusiyanın Azərbaycanla düşmənçilik münasibətləri olsaydı, bu işi orada olan 10 nazirdən başqa birisinə həvalə edərdi. Qəbələ RLS-in fəaliyyətinin sakit şəkildə dayandırılması Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə daha yeni mərhələyə qalxmasına şərait yarada bilər. Qəbələ RLS-in fəaliyyətinin dayanması Azərbaycan ərazisində digər dövlətin hərbi iştirakının sonu deməkdir. Bu da Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi və ya onun ayağının sayalı olması kimi başa düşülə bilər".
Politoloq qeyd etdi ki, TANAP layihəsinin fəaliyyətə başlaması mühüm hadisədir: "2012-ci ildə Bakı dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrildi. Keçirilmiş beynəlxalq tədbirlər rəsmi Bakıdan çox, iqtisadi problemlər məngənəsində vurnuxan dünya üçün əhəmiyyətli idi. Avropa idman olimpiadasının təsisi və onun ilk dəfə Azərbaycanda keçirilməsi haqqında qərar və idman sahəsindəki uğurlarımız, həmçinin "Eurovision" mahnı müsabiqəsi kifayət gədər geosiyasi tutumlu hadisələrdir".
Suriya məsələsinədə toxunan politoloq bildirib ki, Suriya ətrafında vəziyyət sürətlə kəskinləşir: "İqtidarla müxalifətin arasındakı müharibədə tərəflərdən hansı birinin ciddi üstünlük əldə edə bilmədiyi halda, iri dövlətlər aktivliklərini artırırlar. Qərb Suriyanı kimyəvi silah tətbiq etməkdə, ballistik raketdən istifadə etməkdə ittiham etdi. Buna cavab olaraq Rusiya hərbi gəmilərini Suriya sahillərinə göndərdi və Suriyaya "İsgəndər" tipli qanadlı raketlər vermişdi. Tartus limanına daxil olan 3 rus hərbi gəmisi Suriyanın silahlanmasında mühüm rol oynadı. Bu gəmilərin təyinatının fövqəladə vəziyyət zamanı Suriyada olan Rusiya vətəndaşlarını evakuasiya etmək olduğu bildirilsə də, Rusiya hərbi donanması Suriya sularında hərbi təlimlərə başladı. Qərbin Rusiya ilə qarşıdurması Rusiyanı Suriyada müharibəyə təhrik edə bilər. Rusiya hərbi baxımdan Qərbə nisbətən Suriyada daha güclüdür. RF-in hərbi dəstəyinə arxalanan Suriya ordusu Colan təpələrinin İsrail işğalından azad olunması istiqamətində hərbi əməliyyatlara başlaya bilər. Belə halda B.Əsəd hökuməti Türkiyə və ərəb dövlətlərinin ona qarşı neqativ münasibətini neytrallaşdıracaqdır. Rusiya Yaxın Şərq regionunda ciddi geosiyasi faktora çevrilməklə yanaşı Türkiyəyə qarşı mühüm təzyiq rıçağı yarada bilər. Qərb Suriya məsələsini Rusiyanın köməyi olmadan həll edə bilməyəcəyini aşkar şəkildə bildirdi. Rəsmi Dəməşqin kimyəvi silahdan istifadə etməsini təkzib edən Rusiya eyni zamanda Qərbin Suriyaya hərbi müdaxiləyə çalışmadığını da bildirdi".
Politoloq qeyd etdi ki, MDB-nin Aşqabadda keçirilən sammitində əməkdaşlığın inkişafı ilə bağlı qəbul olunan bəyannamənin Rusiya üçün keçmiş SSRİ-yə bənzər qurumu yaratmaq üçün vasitədir: "MDB-nin Türkmənistanda keçirilən, KTMT, AAB və Gömrük İttifaqının Moskvada keçirilən sammitləri rəsmi Moskvanın əlində MDB məkanında inteqrasiya proseslərini gücləndirmək (daha dəqiqi keçmiş SSRİ-yə bənzər qurumu yaratmaq) üçün vasitəyə çevrildi. Ukraynanın Gömrük İttifaqına üzv olmaqla bağlı sənədləri imzalayacağına dair Moskvanın ümidləri boşa çıxdı. Son anda prezident V.Yanukoviç Moskvaya səfərdən imtina etdi. İnteqrasiya istiqamətində Moskvanın gözə görünən uğuru Ermənistanın Gömrük İttifaqına qoşulmaqla bağlı sənədləri 2013-cü ilin yanvarında imzalamaqla bağlı vəd verməsidir. Ermənistan prezidentinin yalan danışmaq adətini nəzərə alsaq, bu vəd də şübhə altındadır. Ermənistan KTMT-nin AvroRƏMS-lə bağlı bəyanatını imzalaması Rusiyanın onun üzərində təzyiqlərinin nə qədər güclü olduğunu göstərir. Bu vaxtadək Ermənistan heç vaxt NATO-nun əleyhinə mövqe bildirməmişdi, indi bunu edir. Qəbul olunan yekun bəyannamədə xalqların milli mədəniyyətinin müstəqil inkişafı hüququ da tanınır. Ərazi bütövlüyü termininin bu bəyanatda hallanmaması fonunda adı çəkilən hüququn tanınması MDB məkanında separatizmin təbliği və təşviqi kimi dəyərləndirilə bilinər. Ola bilər bununla RF MDB məkanında öz niyyətlərini hərəkətə keçirmək üçün MDB ölkələrindəki milli azlıqlardan istifadə etmək niyyətini ortalığa qoymuş olur.
Politoloq bildirib ki, 2012-ci ildə Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana tərəf reverans etdi: "Həm Azərbaycan, həm də Fransa rəsmiləri tərəfindən verilən bəyanatlardan aydın başa düşülür ki, Fransa Azərbaycan münasibətlərinin ən prioritet məsələsi Dağlıq Qarabağ tənzimlənməsidir. Prezident F.Olland DQ münaqişəsinin tənzimlənməsinin onun səlahiyyətində olduğunu və prosesin yekunlaşması üçün əlindən gələn hər şeyi edəcəyini bəyan etdi. İndi Fransada DQ münaqişəsinin tənzimlənməsi ilə eyni vaxtda iki nazirlik - həm Avropa Məsələləri üzrə Nazirlik (nazir Bernar Klazenev) və XİN (nazir Loran Fabius) məşğuldur. D.Medvedyevin prezidentliyi dövründə Rusiyanın nümayiş etdirdiyi aktivlik estafetini Fransa öz əlinə götürmək istəyir. Yanvarın əvvəlində Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Fransa tərəfi buna ciddi hazırlaşır. DQ münaqişəsinin tənzimlənməsinə dair hansısa sənədlərin razılaşdırılıb, paraflanması məsələsi gündəliyə gələ bilər. Ermənistandakı prezident seçkilərindən sonra bu sənəd imzalana bilər. Fransa bu addımı atarsa, o, Cənubi Qafqazda özünün geoiqtisadi və geosiyasi iştirakını artıracaqdır. Fransanın və Aİ-nin Cənubi Qafqazda iştirakının artması Azərbaycanın xeyrinədir. Çünki Fransa və Aİ ABŞ və Rusiyadan fərqli olaraq güclü və ya təhlükəli geosiyasi ambisiyaların daşıyıcısı deyil. Yeni metodologiya, yeni texnologiya və daha çox investisiya gətirməyə qadir olan Fransa regional iqtisadiyyatın güclənməsinə, regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin artmasına güclü stimul vermiş olar. Fransanın mövqeyi ilə bağlı dediklərimizi eyni ilə Aİ-yə şamil etmək olar. Aİ-nin qarşısında duran əsas məsələ Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu təşkil etməklə etimad tədbirlərini möhkəmləndirmək və bununla da DQ münaqişəsinin tənzimlənməsini finiş xəttinə çıxarmaqdır. Avropa İttifaqı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları dialoqu əsas etimad tədbiri kimi qəbul etdi. Avropa İttifaqı etimadyaratma işini tələsmədən, orijinal şəkildə qurmalıdır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi F.Leforun Dağlıq Qarabağa səfər etməsi Aİ-nin etimadyaratma mexanizmini sıradan çıxara bilər. Dağlıq Qarabağın azərbaycanlı icması ilə Dağlıq Qarabağın ərazisində deyil, Bakıda görüşən F.Lefor Dağlıq Qarabağ erməniləri ilə Yerevanda görüşməlidir. Dağlıq Qarabağ ermənilərini Dağlıq Qarabağ azərbaycanlılarından hər hansı formada fərqləndirmək etimad mexanizminin qurulmasına ziyan vuracaqdır. Dağlıq Qarabağa səfər edib, orada ermənilərlə görüşməsi F.Leforun işğalçı müharibənin nəticəsinə hörmətlə yanaşması anlamına gəlir. Avropa İttifaqı və Rusiya Dağlıq Qarabağ tənzimlənməsində əməkdaşlıq etmək barədə razılaşdılar".
Həmçinin politoloq bildirdi ki, ABŞ Ermənistana investisiya cəlb etməklə əslində onun işğalçılıq siyasətini gücləndirmək istiqamətində dəstək vermiş olur: "ABŞ Ermənistandan sonra Dağlıq Qarabağa birbaşa yardım ayıran ikinci dövlət olaraq qalmaqdadır. Bu ölkənin parlamentində - Konqresdə Dağlıq Qarabağın müstəqilliyi qeyd edilir. Bəzi ştatlar Dağlıq Qarabağın müstəqillik hüququnun tanınmasını tələb edirlər. Bu yeni məsələ Ermənistan Xarici İşlər Nazirliyinin təlimatı əsasında baş tutur. ABŞ-ın Ermənistandakı səfiri C.Heffern DQ məsələsində tamamilə ermənipərəst mövqedədir. Onun azərbaycanlı həmkarı da DQ məsələsində ədalətli mövqe nümayiş etdirməyib. ABŞ-ın həm Azərbaycandakı, həm də Ermənistandakı səfirləri Xankəndi aeroportunun açılması ilə bağlı ABŞ Dövlət Departamentinin verdiyi bəyanatı inkar edib, ATƏT MQ vasitəçilərinin ermənilərə dəstək bəyanatına istinad etdilər. Hər iki səfir ABŞ Dövlət Departamentinin işçiləridir və onların fəaliyyətini ABŞ-ın Ermənistandakı keçmiş səfiri M.Yovanoviç idarə edir. Ukraynada, Qırğızıstanda məxməri inqilabın müəllifi olan bu qadın Ermənistanda səfir işlədiyi dövrlərdə Ermənistanın tarixində ən güclü müxalifəti dağıtdı. Levon Ter-Petrosyanın ətrafından Amerikada təhsil almış şəxsləri uzaqlaşdırdı, onlar üçün "Azad demokratlar" adlı partiya yaratdı. Qan tökməklə hakimiyyətə gəlmiş S.Sarkisyan DQ məsələsində xeyli yumşaq mövqedə idi və Azərbaycanın DQ-yə investisiya qoymasından danışırdı, "Azərbaycan bacarırsa, DQ ermənilərini özünə tərəf çəksin" deyirdi. Belə S.Sərkisyan M.Yovanoviçin atdığı addımlar nəticəsində qorxu hissini itirdi və DQ məsələsində mövqeyini sərtləşdirdi və Türkiyə ilə siyasi hoqqabazlığa başladı. M.Yovanoviçin ssenarisi əsasında Sürixdə imzalanan protokollar Ermənistanın Konstitusiya məhkəməsinin qərarı ilə mahiyyətini və məzmununun dəyişdi. M.Yovanoviç ABŞ rəsmisi olsa da, mənşəcə serbdir və görünür onun etnopsixoloji durumu Osmanlı imperiyası ilə indiki Türkiyənin Serbiyaya münasibətini eyniləşdirir. Ona görə də M.Yovanoviç Azərbaycandakı və Ermənistandakı ABŞ diplomatlarını koordinasiya etdiyi dövrdə ABŞ-ın DQ münaqişəsinə münasibətinin dəyişəcəyinə inanmaq çox çətindir".
Politoloq bildirib ki, bu il Ermənistan özünüizolyasiya siyasəti aparmağa başladı: "Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyinə görə, S.Sərkisyan NATO-nun Çikaqo sammitində iştirakdan imtina etdi. R.Səfərovun ekstradisiyası və əfvi Ermənistanı Macarıstanla diplomatik əlaqələri kəsməyə təhrik etdi. Ermənistan Mərkəzi Bankı Dağlıq Qarabağda pul köçürmələrini reallaşdırmayan banklarla əlaqəni kəsir. Dünya erməniliyində böhranın əlamətləri göründü. Fransa və ABŞ-da keçirilən prezident seçkilərində yerli erməni diasporu nüfuzunu itirdi. Avropada ermənilərin sıxışdırılması davam etmişdir. Rusiya Ermənilərinin İttifaqı maliyyə və siyasi böhrandadır. Suriyadakı erməni icması dağılmağa başlamışdır. Livandakı erməni icmasının da vəziyyəti mürəkkəbləşir. Milli həmrəyliyi və pulu ilə öyünən erməni diasporu Suriya ermənilərinin xırda məişət problemlərini də həll etmək gücündə deyil. Ermənilərin gücü zəiflədiyi üçün bəzi mühüm strukturları qoruya bilmədilər. ABŞ-dakı erməni lobbi təşkilatlarından biri olan Amerika Erməniləri Assambleyası sıradan çıxdı, Fransada Erməni Muzeyi yerləşdiyi binadan çıxarıldı. Ermənistan Qərb və ya Rusiya seçimi qarşısında qaldı. Ermənistanın Rusiyaya tərəf seçim etməsi daha inandırıcıdır. Rusiyanın Ermənistandakı siyasi-iqtisadi və hərbi təzyiq rıçağı mövcuddur".
Sonda politoloq bildirib ki, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ziyanlıdır: "Gürcüstan bu mövqeyinə yenidən baxması həm bu günü, həm də gələcəyi üçün faydalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli yaxın zamanların məsələsidir. Azərbaycan-Gürcüstan münasibətləri isə əbədidir. Gürcüstan özü Dağlıq Qarabağ münaqişəsinin öz maraqları prizmasından həllini və bu işdə rolunu təklif etsə çox faydalı olar. Hələ ki, bunun əksi görünür. Bütün Qafqazın Şeyxi və onun ətrafı yalan danışa bilməz. Xüsusilə gürcü patriarxının adından Azərbaycanın dini liderinin ətrafının yalan məlumat verməsi nonsensdir. Dağlıq Qarabağ məsələsi ilə bağlı gürcü patriarxının adından onun verdiyi bəyanatın gürcü patriarxının ətrafı tərəfindən təkzib olunması gürcü cəmiyyətinin Azərbaycan Respublikası ilə bağlı xoş olmayan niyyətindən xəbər verir. Xristian həmrəyliyi yaxşı məsələdir. Lakin xristian-müsəlman dialoqu indiki reallıqda hər iki dövlətin güclənib, dünyada nüfuza malik olması üçün daha vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB