Dağlıq Qarabağ münaqişəsi Ermənistanın xeyrinə həll olunmuşdusa, özündə cəsarət tapıb müstəqilliyini tanıyardı, ya da Ermənistana birləşdirildiyini elan edərdi. Bu sözləri SİA-ya açıqlamsında politoloq Rasim Musabəyov Ermənistan prezidenti Serj Sarkisyanın Beyrutda tələbələr qarşısında "Bütün dünya Dağlıq Qarabağın Azərbaycan tərkibində olmayacağını bilir", şəklindəki bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu bəyanatlar Ermənistanın diplomatik mübarizədə məğlubiyyətinin ört basdır edilməsidir: "Əgər münaqişə həll olunsaydı Ermənistan xarici dövlətlərə yalvarmazdı. Seçkiqabağı Serj Sarkisyanın ermənilərə təqdim etmək üçün heç bir nailiyyəti yoxdur. İqtisadi göstəricilər aşağı düşüb, əvvəldən də aşağı olan yaşayış səviyyəsi olduqca aşağı enib. Bu vəziyyətdə o Qarabağ kartından istifadə etməyə çalışır".
Ermənistan prezidenti Serj Sarkisyanın Beyrutdakı bəyanatına münasibət bildirən poltoloq Elşad Mirbəşiroğlu isə hesab edir ki, Serj Sarkisyanın bəyanatlarının heç bir gücü yoxdur. "Bu bəyanatlar Ermənistanın daxili auditoriyasına hesablanıb. Baxmayaraq ki, erməni siyasətçisi bu sözləri ölkə sərhədlərindən kənarda deyib. S.Sarkisyanın siyasi vəziyyəti olduqca gərgindir. Onun sosial bazası olmadığı halda növbəti seçkilərdə iştirak etməyə çalışır".
Politoloq hesab edir ki, S.Sarkisyanın hakimiyyəti qeyri-legitimdir: "Bunu onun özü də yaxşı anlayır. Bunun üçün də Ermənistanın daxili auditoriyasına hesablanmış cəfəng bəyanatlar verir. Ancaq bütün dünya ölkələri dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşırlar. Ərazi bütövlüyü deyəndə Dağlıq Qarabağın da daxil olduğu ərazi nəzərdə tutulur. Ermənistanın son vaxtlar verdiyi bəyanatlardan da bilinir ki, burda Dağlıq Qarabağda yaşayan erməni icmasının müdafiəsindən getmir. Burda Azərbaycan torpaqlarının işğalından söhbət gedir. Artıq Ermənistanın özü bunu etiraf etməyə başlayıb".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB