"Səbrimizin sərhədləri var"
Nazirdən sərt mesaj!

"Bizim hər hansı bir ölkəyə qarşı düşmən mövqeyimiz yoxdur. Özümüz üçün arzu etdiyimizi digər bölgələr üçün də arzu edirik. Lakin bizim xoş niyyətimizi heç bir ölkə passivlik kimi başa düşməsin. Bizim də səbrimizin sərhədləri var. Buna görə səbrimizi sınağa çəkməsinlər. Dünyanın ən güclü ordularına qarşı lazımi müdaxilə etməkdən çəkinmərik. Altayın sülh və stabilliyə xidmət etməsini arzu edirəm". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə "Altay" markalı ilk yerli tankların təqdimatı zamanı ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan çıxışı zamanı yeni tankların istehsalını ölkə üçün tarixi hadisə adlandırıb. Belə bir hadisəyə şahidlik etdiyi üçün fəxarət hissi keçirdiyini qeyd edən Ərdoğan tankın ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkür edib.

Onun sözlərinə görə, Türkiyə tank istehsal edən az sayda ölkələrdən biridir: "İndiyə kimi müdafiə sənayesinin inkişafı məqsədilə irihəcmli yatırımlar etmişik. Bu gün nəhayət ki, öz silahını, tankını, təyyarəsini istehsal etmək qabiliyyətinə malik olan ölkə səviyyəsinə gəlmişik. Türkiyə pilotsuz təyyarə istehsal edən üçüncü ölkədir. Hərbi sənayedə əldə etdiyimiz nailiyyətlərlə son 10 ildə ordumuzun gücünü daha da artırmışıq. Ordusunun ehtiyaclarını özü qarşılaya bilən ölkə olmaq üçün əmin addımlarla irəliləməyə davam edəcəyik". Sonda isə Ərdoğan Altayın qarşısında xatirə fotoşəkli çəkdirib.

Məlumat üçün bildirək ki, "Altay" markalı ilk yerli tankların təqdimatında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla yanaşı, Ali Hərbi Qərargahın rəhbəri ordu generalı Necdet Özəl, Milli Müdafiə naziri İsmət Yılmaz, Elm və Texnologiya naziri Nihat Ərgün və tankın istehsalçısı olan Koç Holdinqin prezidenti Mustafa Koç da iştirak edib.

Qeyd edək ki, tankın adı Qurtuluş savaşı dönəmində 5-ci süvarinin komandiri milli qəhrəman Fəxrəddin Altayın adından götürülüb. Eyni zamanda Altay BMT və NATO standartlarına uyğun təşkil edilib. Tankın hərəkət sistemi ən son texnologiyalar əsasında hazırlanılıb. Onun əsas üstünlüklərindən biri yüksək dəqiqlik və çevikliyə malik olmasıdır. Altay, həmçinin, hərəkət halında olan hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə