Bizim Müstəqilliyimiz əbədidir, dönməzdir

Mübariz Qurbanlı: “Ulu öndər Heydər Əliyevin sayəsində biz dövlət müstəqilliyimizin dönməzliyini, onun əbədiliyini təmin etdik”
Bizim Müstəqilliyimiz əbədidir, dönməzdir

Azərbaycan xalqının çox böyük və möhtəşəm tarixi var. Bizim xalqımız bu coğrafiyada eyni zamanda Yaxın Şərq, Mərkəzi Asiya ərazilərində yaranan türkdilli dövlətlərin əsas aparıcı xalqlarından, etnoslarından biri olub. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycanın Dövlət Müstəqilliyinin yaranmasının 21 illiyi ilə bağlı eksküliz müsahibəsində bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı zaman-zaman müxtəlif siyasi proseslərə qatılıb, bölgədə baş verən hadisələrdə aparıcı rolunu möhkəmləndirib: "Orta əsrlərin ən mühüm hadisələrindən biri Azərbaycan türklərinin yaratdığı Səfəvilər dövləti idi. Bu dövlət bundan sonra davam edən Əfşarlar sülaləsinin İranda hakimiyyətdə olan dövləti, Qacarlar sülaləsi və s. bütün bunlar Azərbaycan etnosunun, xalqının, millətinin tarixidir və bizim millətin yaratmış olduğu dövlətlərdir. Məhz buna görə də bizim dövlətçilik tariximiz çox qədimdir. Lakin tarixin müəyyən gedişində biz dövlət müstəqilliyimizi itirmişik eyni zamanda Azərbaycan xalqı Çar imperiyası ilə İran imperiyası arasında bölünmüş vəziyyətə salınıb. Amma buna baxmayaraq İranda mövcud olan dövlət əslində azərbaycanlılarla farsların birgə idarə etdiyi dövlət kimi yaşayıb. Hesab edirəm ki, bu gün də İran dövləti farsların və azərbaycanlıların birgə idarə etdiyi bir dövlətdir. Azərbaycan xalqı eyni zamanda bu bölgədə ilk dəfə olaraq Respublika idarə üsulunu bərqərar edib. 1918-20-ci illərdə Azərbaycan xalqının Bakı paytaxt olmaqla Azərbaycan Xalq Cümhuriyyətini yaratması tarixi bir hadisə idi. Daha sonra yenə biz bolşevik istilası nəticəsində Şimalda yaratdığımız bu dövləti itirmişik. Ancaq uzun illər Azərbaycan xalqının yaddaşında dövlət müstəqilliyi, müstəqil dövlət yaratmaq ideyası yaşayıb və bu istiqamətə mübarizə gedib".

M.Qurbanlı deyib ki, məhz Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtələrindən biri sayıla bilər: "Dahi şəxsiyyətin 1969-80-ci illərdə Azərbaycana rəhbərliyi və 1982-87-ci illərdə SSRİ rəhbərliyində olması Azərbaycanda Milli şüurun oyanması, milli təfəkkürün bərqərar olması, Azərbaycan tarixinin, mədəniyyətinin geniş şəkildə gənc nəslə çatdırılması, təbliğ olunması istiqamətində böyük işlər görülüb. Məhz ona görə də milli müstəqillik ideyaları Ulu öndərin Azərbaycana birinci hakimiyyəti dövründə daha geniş şəkildə özünə yer tapıb. Bədii, tarixi ədəbiyyatımızda, o dövrdə nəşr olunan jurnallarda, yazıçı və şairlərimizin əsərlərində milli dövlət, müstəqillik, dilimizin qorunması ideyası geniş təbliğ olunub. SSRİ-nin dağılması ilə bu məkanda SSRİ deyilən coğrafiyada 15 müstəqil dövlət meydana gəldi. Bunlardan biri də Azərbaycan Respublikası idi. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci il 18 oktyabrda Azərbaycan respublikası Ali Sovetində Konstitusiya aktının qəbul edilməsi ilə bəyan edildi. Bu dövlət müstəqilliyinin bərpası idi. Çünki bizim dövlət müstəqilliyimiz var idi və biz bunu bərpa etdik. Bu tarixi bir hadisə idi və bunu hər kəs sevinc hissi ilə qarşıladı. Məhz dövlət müstəqilliyinin bərpasına gedən yol Ulu öndər Heydər Əliyevin də öncə söylədiyi kimi müstəqil dövlət yaratmaq ideologiyanın formalaşması istiqamətində yaratmış olduğu mühit dahi şəxsiyyətin hakimiyyətdə olduğu dövrdə özünə yol tapa bilmişdir. Bizim dövlət müstəqilliyimizin bərpası ilə yeni mərhələyə qədəm qoyduq. Bir məqamı qeyd edim ki, dövlət müstəqilliyinin bərpa olunması nə qədər çətin idisə, onu qoruyub-saxlamaq ondan da çətin idi. Çünki dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycana qarşı xarici təhdidlər, basqınlar oldu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları bu dövrdə özünü daha qabarıq şəkildə göstərdi və bu da təsadüfi deyildi. Bu iddianın ortaya atılması və bunu himayə edən dairələr əslində Azərbaycanın dövlət müstəqilliyinə basqı, təzyiq göstərməkdə idilər. İstiqlalımızın ilk illərində biz müəyyən mənada çətinliklərlə üz-üzə qalsaq da nəticə etibarı ilə 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyinə təhdidlərin, təzyiqlərin qarşısının alınmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub və bu hamı tərəfindən birmənalı şəkildə ifadə olunub".

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini bildirib ki, ötən 21 il ərzində Azərbaycan tarixi bir yol keçib. Ulu öndər Heydər Əliyevin sayəsində biz dövlət müstəqilliyimizin dönməzliyini, onun əbədiliyini təmin etdik: "Biz iqtisadi, siyasi cəhətdən müstəqil olan dövlət kimi özümüzü dünyaya tanıtdırmışıq. Bununla belə Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasına baxmayaraq Qafqaz bölgəsinin ən aparıcı ölkəsinə, lider dövlətinə, bölgədə söz sahibinə çevrilib. Bütün bunlar dahi şəxsiyyətdən başlanan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bu strategiyanın əsasında güclü, qüdrətli Azərbaycan dövləti dayanır. Bu cənab prezident İlham Əliyevin strategiyasının ana xəttini təşkil edir. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqaz bölgəsində mövcud olan dövlətlərin iqtisadi potensialının 80 faizi Azərbaycanın payına düşür. Azərbaycan bu gün ölkənin cəlbedici dövlətidir. Valyuta ehtiyatları 45 milyarda çatır. Azərbaycanın növbəti ildə dövlət büdcəsi 30 milyard nisbində müəyyən edilir. Eyni zamanda Azərbaycan bölgədə faktiki olaraq bütün problemləri, məsələləri həll etmək iqtidarındadır. Biz heç kimin dəstəyi olmadan istənilən iqtisadi layihəni həyata keçirə bilərik və keçirməkdəyik. Məsələn, bu gün Bakı-Tbilisi-Qars dəmiryolu xətti heç kimin köməyi olmadan Azərbaycanın öz hesabına reallaşır. Eyni zamanda Azərbaycan özünün təbii sərvətlərinə nəzarəti həyata keçirməkdədir. Bizim təbii qaz, neft ehtiyyatlarımızın dünya bazarına çıxarılmasında istənilən marşurutu seçməyə və onu həyata keçirməyə qadir olduğumuzu sübut etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Subsa neft kəməri, TANAP qaz xətti ilə Türkiyə ilə Azərbaycan arasında imzalanan saziş buna nümunə ola bilər. Azərbaycan da bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) çox böyük bir tədbiri keçirildi. İƏT-in, 10 ölkənin daxili olduğu təşkilata sədrlik Azərbaycandadır. Azərbaycan ötən illər ərzində Avropa Şurası, ATƏT, BMT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Müstəqil Dövlətlər Birliyi Təşkilatı (MDBT), GUAM və digər təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana təcavüzünü ifşa edən xeyli sənədlərin qəbuluna nail olub. Bu gün bizim iqtisadi potensialımız, hərbi qüdrətimiz Ermənistandan on dəfə artıqdır. Əgər Ermənistanı himayə edənlər dövlətlər olmasaydı və biz həmin adı çəkilən dövlətlə üz-üzə qaldığımız təqdirdə bu dövlət bizlərin qarşısında diz çökmək məcburiyyətində qalardı. Bu gün Azərbaycan xalqının Yeni Azərbaycan partiyasının sədri, cənab prezident İlham Əliyev kimi lider var".

Millət vəkili sonda Azərbaycan xalqını, KİV nümayəndələrini də bu gün münasibətilə təbrik etdi: "21 il ərzində görülən işləri qısa şəkildə vərəqləsək görərik ki, bu yol xaosdan inkişafa, tərəqqiyə, yüksəlişə aparan yol olub. Bu yol Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yoldur. Mən Milli Müstəqilliyimizin 21-ci ildönümü münasibətilə "Səs" televiziyasının auditoriyasından istifadə edərək bütün tamaşaçıları, oxucuları, "Səs"qəzetinin oxucularını, həmçinin sizin televiziyanın kollektivini səmimi qəlbdən təbrik edir, sizə uğurlar arzu edirəm. Bizim Müstəqilliyimiz əbədidir dönməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə